EBRD: Orta Dəhliz tamhüquqlu iqtisadi dəhlizə çevrilməlidir
- 21 oktyabr, 2026
- 12:33
Yeniliklərdən dərhal xəbərdar olun!
Orta Dəhlizin potensialı nəqliyyat sahəsindən xeyli kənara çıxır.
"Report" xəbər verir ki, bu barədə Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Natali Mouravidze Bakıda keçirilən Avropa İttifaqı-Azərbaycan biznes forumunda bildirib.
"Orta Dəhlizin yaratdığı perspektivlər nəqliyyat sektorunun hüdudlarından kənara çıxır və investisiyaların cəlb edilməsini, yeni iş yerlərinin yaradılmasını və regionda özəl sektorun genişləndirilməsini əhatə edir", - N. Mouravidze deyib.
O vurğulayıb ki, infrastrukturun modernləşdirilməsi ilə yanaşı, bu mərhələdə ən vacib vəzifə dəhlizin bütöv bir sistem kimi nəticəli, şəffaf və kommersiya baxımından dayanıqlı fəaliyyətinin təmin edilməsi olaraq qalır.
EBRD nümayəndəsinin sözlərinə görə, ilk növbədə diqqət kritik əhəmiyyətli infrastruktura - limanlara, dəmir yolu və dəniz obyektlərinə, intermodal qovşaqlara ünvanlı sərmayələrin qoyulmasına, eləcə də rəqəmsal həllərin tətbiqinə və prosedurların uyğunlaşdırılmasına yönəldilməlidir: "Uğurun meyarı yalnız dəhlizdən keçən konteynerlərin sayı deyil, həm də onun yaratdığı investisiyaların və işgüzar fəallığın miqyası olmalıdır".
O həmçinin bildirib ki, əsas məqsəd nəqliyyat dəhlizini logistika xidmətlərinin, emal sənayesinin, istehsal güclərinin və ixrac potensialının inkişafına töhfə verən tamhüquqlu iqtisadi marşruta çevirməkdir.