Neft bahalaşıb
- 21 aprel, 2022
- 06:28
ABŞ-da neft ehtiyatlarının kəskin azalması fonunda dünya bazarlarında təklifin azalması haqqında narahatlıqlar neftin bahalaşmasına səbəb olub.
“Report” İnterfaks”a istinadən xəbər verir ki, siyasi etirazlar Liviyada hasilatın azalmasına səbəb olduğu bir halda Avropa ölkələri Rusiyadan enerji daşıyıcılarının idxalına mümkün məhdudiyyətlərin tətbiqini müzakirə edirlər.
Belə ki, Almaniyanın XİN rəhbəri Annalena Berbok ölkəsinin ilin sonunadək tamamilə Rusiya neftindən imtina edəcəyini bildirib.
Londonun “ICE Futures” birjasında “Brent” markalı neftin iyun fyuçersləri 1,06% və ya 1,13 ABŞ dolları bahalaşaraq, 107,93 ABŞ dollarına satılıb.
Nyu-Yorkun Əmtəə Birjasında (NYMEX) WTI neftinin iyun fyuçerslərinin qiyməti isə 0,97% və ya 0,99 ABŞ dolları artaraq, 1 bareli 103,18 ABŞ dolları təşkil edib.
Ötən həftə ərzində ABŞ-da neftin kommersiya ehtiyatları 8,02 milyon barel azalaraq, 413,73 milyon barelə düşüb. Analitiklər isə 3 milyon barel artımın qeydə alınacağını gözləyirdilər.
Benzin ehtiyatları 1,1 milyon əvəzinə 761 min barel, distillyat ehtiyatları isə 800 min əvəzinə 2,66 milyon barel azalıb.