Nazir: "Vyetnam bazarı Azərbaycanın qeyri-neft məhsullarının ixracı üçün cəlbedicidir"

Nazir: "Vyetnam bazarı Azərbaycanın qeyri-neft məhsullarının ixracı üçün cəlbedicidir" ​Energetika Nazirliyində Azərbaycan-Vyetnam Hökumətlərarası Komissiyasının ilk iclasına hazırlıq məsələləri müzakirə edilib
Energetika
18 İyul , 2016 18:11
Nazir: Vyetnam bazarı Azərbaycanın qeyri-neft məhsullarının ixracı üçün cəlbedicidir

Bakı. 18 iyul. REPORT.AZ/ İqtisadi, ticarət, elmi və texniki əməkdaşlıq üzrə Azərbaycan-Vyetnam Hökumətlərarası Komissiyasının ilk iclasına hazırlıq məsələlərinin müzakirəsi məqsədilə energetika naziri Natiq Əliyev ilə Azərbaycanın Vyetnamda fövqəladə və səlahiyyətli səfiri Anar İmanov arasında görüş keçirilib.

"Report"un Energetika Nazirliyinə istinadən verdiyi xəbərə görə, görüş zamanı iki ölkə arasında iqtisadiyyat, ticarət və investisiya sahələrində əməkdaşlıq potensialı nəzərdən keçirilərək, irəli sürülən təkliflər dəyərləndirilib.

Vyetnamın neft və Qaz Korporasiyası “Petrovietnam” və SOCAR arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumunun imzalanmasınının enerji sahəsində əməkdaşlığa töhfə verdiyini vurğulayan səfir Anar İmanov Vyetnamın neft yataqlarının kəşfiyyatı və işlənməsinə maraq göstərdiyini diqqətə çatdırıb. Azərbaycan şirkətləri tərəfindən istehsal olunan neft avadanlıqlarının Vyetnam bazarına çıxarılmasının, tikinti şirkətlərinin Vyetnamda həyata keçirilən infrastruktur layihələrində iştirakının, kənd təsərrüfatı, turizm sahəsində əməkdaşlığın təmin edilməsi üçün Hökumətlərarası Komissiya səviyyəsində dəstəyin vacibliyi qeyd edilib.

Energetika naziri Natiq Əliyev isə bildirib ki, Vyetnam bazarı Azərbaycanın qeyri-neft məhsullarının ixracı üçün cəlbedicidir. Bununla yanaşı Vyetnam Azərbaycanla enerji səmərəliliyi, alternativ və bərpa olunan enerji mənbələri sahəsində əməkdaşlıq edə bilər. İqtisadi, ticarət, elmi və texniki əməkdaşlıq üzrə Azərbaycan-Vyetnam Hökumətlərarası Komissiyasının Azərbaycan tərəfindən həmsədri energetika naziri Natiq Əliyev, Vyetnam tərəfindən həmsədri isə sənaye və ticarət naziri Tran Tuan Anhdır.

Qeyd edək ki, 2015-ci ildə iki ölkə arasında ticarət dövriyyəsinin həcmi 13,6 mln.ABŞ dolları, idxalın həcmi 9,7 mln.ABŞ dolları, ixracın həcmi isə 3,9 mln ABŞ dolları olub.

Azərbaycan-Vyetnam Hökumətlərarası Komissiyasının ilk iclasının cari ilin oktyabr ayında Vyetnamda keçirilməsi planlaşdırılır.

Son xəbərlər

Orphus sistemi