Nazir müavini: "Avropa və Suriyaya 57 milyard kubmetrdən çox Azərbaycan qazı tədarük edilib"

Energetika
  • 15 yanvar, 2026
  • 15:04
Nazir müavini: Avropa və Suriyaya 57 milyard kubmetrdən çox Azərbaycan qazı tədarük edilib

Azərbaycandan Türkiyə üzərindən Avropaya, o cümlədən ötən ilin avqustundan başlayaraq Suriyaya 57 milyard kubmetrdən çox qaz tədarük edilib.

"Report"un Türkiyə bürosunun məlumatına görə, bunu Azərbaycanın energetika nazirinin müavini Orxan Zeynalov "Beynəlxalq Qara dəniz Rizə Ayder Forumu"nda çıxışı zamanı deyib.

O.Zeynalovun sözlərinə görə, Azərbaycan-Türkiyə strateji müttəfiqliyinin və siyasi həmrəyliyinin nəticəsi olaraq Azərbaycan qazının Suriyanın enerji təhlükəsizliyinə töhfəsi artıq yeni bir nümunədir.

Nazir müavini həmçinin qeyd edib ki, indiyədək Azərbaycandan Türkiyə bazarlarına 123 milyard kubmetrdən artıq təbii qaz ixrac edilib.

Qeyd edək ki, hazırda Azərbaycan qazının Avropanın cənubuna nəql olunduğu Cənub Qaz Dəhlizinin Avropa hissəsi olan Trans-Adriatik Qaz Boru Kəmərinin (TAP) ötürücülük qabiliyyəti ildə 12 milyard kubmetrə çatıb.

TAP-ın tikintisi 2020-ci ilin oktyabrında başa çatıb. Kəmərin ümumi uzunluğu 878 km-dir ki, bunun da 550 km-i Yunanıstanın şimal hissəsindən, 215 km-i Albaniya ərazisindən, 105 km-i Adriatik dənizinin dibi ilə, 8 km-i isə İtaliya ərazisindən keçir.

Azərbaycan qazının TAP vasitəsilə İtaliya, Yunanıstan və Bolqarıstandakı istehlakçılara tədarükü 2020-ci il dekabrın 31-dən başlayıb.

Türkiyəyə Azərbaycanın "Şahdəniz" yatağından hasil edilən təbii qaz nəql olunur. Təbii qaz həcmləri Cənubi Qafqaz Boru Kəməri (Bakı-Tbilisi-Ərzurum) və TANAP vasitəsilə Türkiyə bazarına çatdırılır. Bakı-Tbilisi-Ərzurum kəməri ilə ilk qaz Türkiyə bazarına 2007-ci ildə daxil olub. TANAP vasitəsilə Türkiyəyə kommersiya qazının nəqlinə isə 2018-ci il iyunun 30-da başlanılıb.

Qeyd edək ki, Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə Suriya hökuməti arasında imzalanmış sənədə əsasən, ilkin mərhələdə Suriyaya ildə 1,2 milyard kubmetr təbii qazın ixracı planlaşdırılır. Qaz Türkiyənin Kilis şəhəri vasitəsilə Hələb və Homsdakı elektrik stansiyalarına çatdırılacaq və elektrik enerjisi istehsalında istifadə olunacaq. Bu proses nəticəsində 1 200-1 300 meqavatlıq elektrik istehsalı gücünə nail olunması nəzərdə tutulur.

Son xəbərlər

Bütün Xəbər Lenti