“Moody's”: Azərbaycan Aİ-nin təbii qaza olan yüksək tələbatından faydalanır

“Moody's”: Azərbaycan Aİ-nin təbii qaza olan yüksək tələbatından faydalanır “Moody's” beynəlxalq reytinq agentliyi Cənub Qaz Dəhlizinin (SGC) yüksək təminatsız xarici valyuta reytinqlərinin “Ba1” səviyyəsində təsdiq edib və proqnozu sabitdən müsbətə dəyişib.
Energetika
6 İyul , 2024 13:35
“Moody's”: Azərbaycan Aİ-nin təbii qaza olan yüksək tələbatından faydalanır

“Moody's” beynəlxalq reytinq agentliyi "Cənub Qaz Dəhlizi" QSC-nin (SGC) yüksək təminatsız xarici valyuta reytinqlərinin “Ba1” səviyyəsində təsdiq edib və proqnozu sabitdən müsbətə dəyişib.

“Report” bu barədə “Moody's” agentliyinə istinadən xəbər verir.

“Azərbaycan Avropa İttifaqının (Aİ) onun təbii qaz resurslarına olan yüksək tələbatındən faydalanır. Bu da təşkilatın Rusiya “mavi yanacağı”ndan asılılığını azaltmaq üçün mənbələri və tədarük marşrutlarını şaxələndirmək səylərini əks etdirir. Son 1-2 il ərzində Azərbaycan Avropa Komissiyası, eləcə də ayrı-ayrı Avropa ölkələri ilə qaz tədarükü ilə bağlı bir sıra sazişlər imzalayıb. Nəticədə 2022-ci ildən bəri qaz hasilatı və ixracı əhəmiyyətli dərəcədə artıb və SGC boru kəmərinin kəşfiyyatı və genişləndirilməsi layihələri sayəsində əlavə artım imkanları yaranıb. Xüsusən də neft ehtiyatlarının tükənməsi səbəbindən bu enerji resursunun hasilatının azaldığını nəzərə alsaq, karbohidrogen sektorunda qaz tədarükünün artırılmasının ənənəvi neftdən asılılığın şaxələndirilməsini təmin edəcəyini söyləyə bilərik”, - məlumatda vurğulanıb.

Xatırladaq ki, SGC ölkə Prezidentinin “Şahdəniz" qaz-kondensat yatağının istismarının II mərhələsi və Cənub Qaz Dəhlizinin yaradılmasına dair digər layihələrlə bağlı bəzi tədbirlər haqqında” 25 fevral 2014-cü il tarixli sərəncamı ilə,“Şahdəniz” qaz-kondensat yatağının tammiqyaslı istismarı, Cənubi Qafqaz Boru Kəmərinin (CQBK) genişləndirilməsi, TANAP və TAP layihələrində dövlətin iştirak paylarının birləşdirilməsi, idarə edilməsi və maliyyələşdirilməsi məqsədi ilə yaradılıb. Onun nizamnamə kapitalı 2 milyard 415,8 milyon ABŞ dolları təşkil edir. Şirkətin səhmlərinin 51 %-i İqtisadiyyat Nazirliyinə, 49 %-i isə Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) məxsusdur.

Son xəbərlər

Orphus sistemi