MOL-un Azərbaycandakı layihələrə əsaslı yatırımları ilin I yarısında 20 % azalıb

Energetika
  • 11 avqust, 2025
  • 14:11
MOL-un Azərbaycandakı layihələrə əsaslı yatırımları ilin I yarısında 20 % azalıb

Macarıstanın MOL şirkətinin Azərbaycanda karbohidrogen ehtiyatlarının kəşfiyyatı və hasilatı layihələrinə əsaslı xərcləri 2025-ci ilin birinci yarısında 53,4 milyon ABŞ dolları təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 20,1 % azdır.

“Report” şirkətin yarımillik məlumatlarına istinadən xəbər verir ki, bu məbləğin 45,9 milyon ABŞ dolları işlənməyə, 5,6 milyon ABŞ dolları kəşfiyyata, 1,9 milyon ABŞ dolları isə digər xərclərə sərf olunub.

Şirkətin məlumatına görə, dünya üzrə (Macarıstan, Xorvatiya, İraq Kürdüstanı, Pakistan, Azərbaycanda və s.) layihələrə kapital qoyuluşlarının ümumi həcmi 143 milyon ABŞ dollar təşkil edib ki, bu da 2024-cü ilin eyni dövrü ilə müqayisədə 3,3 % azdır. Hesabat dövründə şirkətin kapital qoyuluşlarının 90 %-dən çoxu Mərkəzi və Şərqi Avropa regionuna və Azərbaycana olub.

O cümlədən, bu müddət ərzində 89,8 milyon ABŞ dolları işlənməyə, 23,6 milyon ABŞ dolları kəşfiyyata, 29,7 milyon ABŞ dolları digər xərclərə ayrılıb.

Xatırladaq ki, hazırda Macarıstan şirkəti Azərbaycanda “Azəri-Çıraq-Günəşli” blokunun işlənməsi layihəsində 9,57 %, Bakı-Tbilisi-Ceyhan neft kəməri layihəsində isə 8,9 % paya malikdir. Həmçinin 2025-ci il iyunun 4-də Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və “MOL Hungarian Oil and Gas” şirkəti “Şamaxı-Qobustan” yatağının quruda yerləşən hissəsində kəşfiyyat, işlənmə və hasilatın pay bölgüsü haqqında sazişin əsas şərtlərini imzalayıb. MOL layihənin operatoru olacaq və səhmlərin 65 %-nə sahib olacaq, SOCAR-ın payı isə 35 % təşkil edəcək. Kəşfiyyat, işlənmə və hasilatın pay bölgüsünə dair tam miqyaslı sazişin başa çatması sonrakı danışıqlardan və tənzimləyici orqanların təsdiqindən asılı olacaq.

Qeyd edək ki, şirkət 8 ölkədə istehsal fəaliyyətini həyata keçirir və 9 ölkədə neft-qaz sənayesində fəal iştirak edir.

Son xəbərlər

Bütün Xəbər Lenti