MOL bu il Azərbaycanda neft hasilatını azaldıb
- 12 may, 2025
- 10:34
Macarıstanın MOL şirkəti bu ilin birinci rübündə Azərbaycanda gündəlik 12,4 min barel neft hasil edib ki, bu da 2024-cü ilin eyni dövrü ilə müqayisədə 3,1 % azdır.
Bu barədə "Report" şirkətin hesabatına istinadən xəbər verir.
Yanvar-mart aylarında Macarıstan, Xorvatiya, İraq Kürdüstanı, Pakistan, Azərbaycan və digər ölkələrdə həyata keçirilən layihələrdə şirkət tərəfindən karbohidrogen xammalının ümumi orta gündəlik hasilatı 93 min barel neft ekvivalenti (0,8 %-lik artım) təşkil edib. Şirkətin ümumi hasilatının 13,3 %-i Azərbaycanın payına düşüb.
Xəbər verildiyi kimi, 2024-cü ildə MOL-un Azərbaycanda gündəlik hasilatı 12,7 min barel (azalma 8,6 %) olub. Şirkətin ümumi hasilatının 13,5 %-i Azərbaycanın payına düşüb.
Hazırda MOL şirkəti Azərbaycanda “Azəri-Çıraq-Günəşli” blokunun işlənməsi layihəsində 9,57 %, Bakı-Tbilisi-Ceyhan neft kəməri layihəsində isə 8,9 % paya malikdir. Həmçinin 2024-cü il sentyabrın 20-də Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və “MOL Hungarian Oil and Gas” şirkəti “Şamaxı-Qobustan sahəsi üzrə kəşfiyyat, işlənmə və hasilat haqqında” Anlaşma Memorandumu imzalayıb.
Hazırda “MOL Group” 8 ölkədə hasilat sahəsində fəaliyyət göstərir və 9 ölkədə kəşfiyyat aktivlərinə malikdir.