Macarıstan Xəzərin Azərbaycan sektorunda yerləşən “Şahdəniz” dəniz qaz-kondensat yatağı üzrə hasilatın pay bölgüsü sazişində 5 %-lik pay alıb.
“Report” bu barədə layihənin iştirakçısı olacaq Macarıstanın ən böyük təbii qaz topdansatış şirkəti olan “MVM CEEnergy Zrt.”yə istinadən xəbər verir.
Macarıstan şirkəti “Şahdəniz”dəki payı “Cənub Qaz Dəhlizi” QSC-dən (SGC) alıb.
Bundan əlavə, şirkət “Şahdəniz”dən təbii qazın satışı ilə məşğul olan “Azerbaijan Gaz Supply Company Limited”də (AGSC) daha 4 %-lik pay alıb.
Sövdələşmə bir neçə ay ərzində tamamlanacaq.
Xatırladaq ki, "Şahdəniz" perspektiv sahəsinin kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında saziş 1996-cı il iyunun 4-də imzalanıb. "Şahdəniz" üzrə hasilatın pay bölgüsü (PSA) sazişi 17 oktyabr 1996-cı ildə ratifikasiya olunub. Bakıdan 70 km cənub-şərqdə yerləşən yataq 1999-cu ildə kəşf olunub.
2013-cü il dekabrın 17-də Bakıda imzalanmış sənədlərə görə "Şahdəniz" yatağının işlənməsi ilə bağlı PSA sazişinin müddəti 2036-cı ildən 2046-cı ilə qədər uzadılıb.
“Şahdəniz” üzrə iştirak payları belədir: BP (operator – 29,99 %), “Lukoil” (19,99 %), TPAO (19 %), NİKO (10 %), “Cənub Qaz Dəhlizi” (21,02 %).