Kristina Lobillo Borrero: “Azərbaycan etibarlı tərəfdaş kimi parlaq nümunədir”
- 03 iyun, 2025
- 10:44
Azərbaycan həm qaz təchizatı, həm də bərpa olunan enerji mənbələrinin inkişafı sahəsində etibarlı tərəfdaş kimi parlaq nümunədir.
“Report” xəbər verir ki, bunu Avropa Komissiyasının Enerji üzrə Baş Direktorluğunun enerji platforması və beynəlxalq əlaqələr qrupunun direktoru Kristina Lobillo Borrero 30-cu Yubiley Bakı Enerji Forumu çərçivəsində bildirib.
Onun sözlərinə görə, Avropa İttifaqı (Aİ) ölkələrinin enerji balansında qalıq yanacağın payının hələ də 60 %-dən çox olmasına baxmayaraq, Aİ enerji keçidi kursuna sadiq qalır.
"Lakin keçən il tarixdə ilk dəfə olaraq elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrinin payı 50 %-ə çatıb. Bu əlamətdar nəticədir və biz onu gücləndirmək üçün işləməyə davam edirik. Hesab edirik ki, enerji təhlükəsizliyi Avropa İttifaqı və dünyanın bütün ölkələri üçün heç vaxt olmadığı qədər ən vacib prinsipdir", - K.Borrero qeyd edib.
O vurğulayıb ki, hazırkı şəraitdə enerji təhlükəsizliyi mühüm əhəmiyyət kəsb edir:
"Bu gün enerji təhlükəsizliyi geosiyasi amillərlə getdikcə daha çox müəyyən edilir. Buna görə də beynəlxalq əməkdaşlıq dayanıqlılığa nail olmaq üçün ən vacib elementə çevrilir. Bu kontekstdə Azərbaycan etibarlı tərəfdaş kimi xüsusi yer tutur".
K. Borrero həmçinin qeyd edib ki, Avropa Komissiyasının sədri Ursula fon der Lyayen öz çıxışlarında Aİ-də yerli enerji istehsalının artırılmasının vacibliyinə diqqət çəkir.
"Bu, Avropa İttifaqının strateji seçimidir. Bizim artıq 2030-cu ilə qədər olan dövr üçün normativ bazamız var və iqlim neytralllığına nail olmaq üçün 2040 və 2050-ci illərə qədər uzunmüddətli çərçivələr hazırlayırıq", - o izah edib.
K.Borreronun sözlərinə görə, bu yolda Avropa sənayesinin rəqabət qabiliyyəti gücləndirilməli və istehlakçılar üçün enerji əlçatanlığı təmin edilməlidir.
"Bu, mürəkkəb və uzunmüddətli prosesdir və məhz belə şəraitdə etibarlı tərəfdaşlıq xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan həm qaz təchizatı, həm də bərpa olunan enerji mənbələrinin inkişafı sahəsində davamlı əməkdaşlığın parlaq nümunəsidir. Biz birlikdə bu istiqamətlərdə çox intensiv işləyirik", - o vurğulayıb.