Konstantinos Karayannakos: “İGB qaz tədarükünün təhlükəsizliyini artıracaq”

Konstantinos Karayannakos: “İGB qaz tədarükünün təhlükəsizliyini artıracaq” Azərbaycana məxsus təbii qazı Bolqarıstana ötürəcək IGB İnterkonnektorunun inşasını həyata keçirən ICGB şirkəti EIB-dən aldığı kredit maliyyələşdirilməsinin 30 milyon avroluq ilk tranşını uğurla istifadə edib
Energetika
7 Sentyabr , 2020 11:43
Konstantinos Karayannakos: “İGB qaz tədarükünün təhlükəsizliyini artıracaq”

Azərbaycana məxsus təbii qazı Bolqarıstana ötürəcək Yunanıstan-Bolqarıstan İnterkonnektorunun (Interconnector Greece – Bulgaria: IGB) inşasını həyata keçirən ICGB şirkəti Avropa İnvestisiya Bankından (EIB) aldığı kredit maliyyələşdirilməsinin 30 milyon avroluq ilk tranşını uğurla istifadə edib.

“Report” xəbər verir ki, bu barədə şirkət məlumat yayıb.

Bildirilir ki, layihə üçün EİB maliyyələşdirməsinin ümumi dəyəri 110 milyon avro təşkil edir və bu, Bolqarıstan dövlətinin zəmanəti ilə təmin edilir. 

Məlumatda deyilir ki, bu, layihə şirkəti ilə EİB və Bolqarıstanın Enerji Holdinqinin (BEH) çox sayda kompleks hazırlığına və birgə səyləri ilə başa gələn şərtsiz bir nailiyyətdir: "Belə bir mənbədən istifadə bir sıra ciddi şərtlərin əvvəlcədən yerinə yetirilməsini tələb edir".

Qeyd edək ki, EIB-lə kredit müqaviləsini ötən il bu ölkənin Enerji Holdinqi imzalayıb və layihənin maliyyələşdirilməsi tam təmin edilib. Bolqarıstan və Yunanıstanın qaz ötürücü şəbəkələrini birləşdirəcək interkonnektorun inşasının ümumi dəyəri isə təqribən 240 milyon avro təşkil edir. Bunun da 110 milyon avrosu EIB-in krediti, 39 milyon avrosu isə qrant kimi verilmiş vəsaitdir. Layihə üçün həmçinin Avropa Enerji Proqramı xətti ilə 45 milyon avro ayrılıb.

İGB-nin Yunanıstan üzrə layihə rəhbəri Konstantinos Karayannakos bildirib ki, qaz kəmərinin reallaşması qaz tədarükünün təhlükəsizliyini artıracaq, layihə mənbələrin real şaxələndirilməsinə gətirib çıxaracaq: “Layihənin uğurlu olacağına əminik və kreditin ilk hissəsinin əldə edilməsi ciddi və əhəmiyyətli bir irəliləyişdir. Bu, bütün tərəflərin inadkar səyləri sayəsində mümkündür”.

Qaz boru kəmərinin Bolqarıstan üzrə layihə rəhbəri Teodora Georgievanın fikrincə, krediti istifadə etmək üçün bütün şərtlərin yerinə yetirilməsi, xüsusən də mövcud mürəkkəb epidemioloji vəziyyət və IGB interkonnektorunun tətbiqi üzərində işləyən komandanın çoxmillətli profili nəzərə alınıb. Bu, misilsiz bir layihə nəticəsidir: “Layihənin həyata keçirilməsindəki irəliləyiş, IGB qaz kəməri kimi ortaq bir strateji səbəb olduğu zaman aşılması mümkün olmayan əngəllərin olmadığını sübut edib".

Xatırladaq ki, IGB Xəzərin Azərbaycan sektorundakı "Şahdəniz" qaz kondensat yatağının istismarının ikinci mərhələsi çərçivəsində hasil edilən təbii qazın Bolqarıstana nəqlini nəzərdə tutur. Trans-Adriatik Boru Kəmərinə (TAP) qoşulacaq bu kəmər vasitəsilə Bolqarıstan Azərbaycandan ildə 1 milyard kubmetr təbii qaz idxal edəcək. Belə ki, “Bulgargaz EAD” dövlət şirkəti “Şahdəniz-2” yatağından bu miqdarda qaz almaq üçün "Şahdəniz" konsorsiumu ilə müqavilə imzalayıb. Azərbaycan təbii qazı hesabına Bolqarıstan qaz tələbatının 25-30 faizini ödəyə biləcək. IGB-də tikinti işlərinin gələn ilin ikinci yarısında başa çatacağı gözlənilir. 

Ümumi uzunluğu 182 kilometr olan boru kəmərinin 150 kilometri Bolqarıstan ərazisindən keçəcək. Boru kəmərinin illik ötürücülük gücü 3-5 milyard kubmetr həcmində nəzərdə tutulur.

Son xəbərlər

Orphus sistemi