III rübdə enerji təchizatı sxemini dəyişən 32 tikinti obyektinə akt verilib

Energetika
  • 09 oktyabr, 2023
  • 12:34
III rübdə enerji təchizatı sxemini dəyişən 32 tikinti obyektinə akt verilib

Bu ilin III rübündə Energetika Nazirliyi yanında Enerji Məsələlərini Tənzimləmə Agentliyi (AERA) yeni, yenidən qurulan, istifadə olunmasına icazə verilmiş gücü artırılan və enerjitəchizat sxemini dəyişən 32 tikinti obyektinin xarici elektrik enerjisi təchizatı üçün quraşdırılmış elektrik qurğularına istismara buraxılış aktı verib.

Bu barədə “Report”a AERA-dan məlumat verilib.

Məlumata görə, 97 razılaşdırılmış layihəyə əsasən ,tikintisi başa çatdırılmış sənaye qaz qurğularının istismarına icazə verilib.

Həmçinin “Azərenerji” və “Azərişıq” ASC-lərin nümayəndələrinin iştirakı ilə 1 hesablaşma elektrik sayğacının texniki vəziyyətinə baxış keçirilib.

Agentliyin səlahiyyətlərinə aid olan İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri üzrə 28 inzibati xəta haqqında işə baxılıb və müvafiq qərarlar çıxarılıb.

Bundan əlavə, qeyd edilən dövrdə elektrik qurğularının texniki istismarı, təhlükəsizlik texnikası qaydalarına əməl olunması və elektrik enerjisindən istifadənin vəziyyətinin araşdırılması məqsədilə 212 nəzarət tədbiri keçirilib.

Qazdan səmərəli istifadənin, “Qazdan istifadə Qaydaları”nın və qaz qurğularının etibarlı istismarının, həmçinin digər normativ hüquqi aktların tələblərinə əməl olunmasının vəziyyətinin araşdırılması məqsədilə 177 nəzarət tədbiri keçirilib.

Hesabat dövründə agentlik 72 müəssisədə 169 nəfər olmaqla elektrotexniki heyətin və elektrik təsərrüfatlarına cavabdeh şəxslərin texniki istismar, təhlükəsizlik texnikası qaydaları üzrə peşə biliklərini yoxlayıb, yoxlama nəticəsində biliklərin artırılması üzrə təkliflər verib, bu istiqamətdə müvafiq şəxslərə metodiki yardım göstərib.

15 “ASAN xidmət", 3 “ASAN Kommunal” mərkəzi və 3 KOB evində (Kiçik və orta biznes evləri) fəaliyyət göstərən Texniki Şuralara sahibkarlıq obyektlərinin elektrik şəbəkəsinə qoşulması ilə bağlı daxil olan 916 müraciət qəbul edilərək icra edilib.