IGB vasitəsilə 1 milyard kv/saatdan artıq təbii qaz nəql edilib

Energetika
  • 10 noyabr, 2022
  • 11:54
IGB vasitəsilə 1 milyard kv/saatdan artıq təbii qaz nəql edilib

Kommersiya istismarının ilk ayı ərzində Yunanıstan-Bolqarıstan interkonnektoru (IGB) vasitəsilə 1 milyard kilovatsaatdan (kv/saat) artıq təbii qaz nəql edilib.

Bu barədə “Report”a IGB-nin layihə şirkəti ICGB-dən məlumat verilib.

2022-ci il oktyabrın 1-dən noyabrın 1-dək təbii qazın ümumi həcmi 1 milyard 105 milyon 908 min kv/saat (95 milyon kubmetr) təşkil edib.

Yunanıstan-Bolqarıstan interkonnektoru oktyabrın əvvəlində kommersiya istismarına verilib.

Xatırladaq ki, Yunanıstan-Bolqarıstan İnterkonnektoru Xəzər dənizinin Azərbaycan sektorundakı “Şahdəniz” qaz-kondensat yatağının istismarının II mərhələsi çərçivəsində hasil edilən “mavi yanacağ”ın Bolqarıstana nəqlini nəzərdə tutur. “Bulgargaz EAD” dövlət şirkəti “Şahdəniz-2” yatağından 1 milyard kubmetr qazın tədarükü üçün “Şahdəniz” konsorsiumu ilə müqavilə imzalayıb. Azərbaycanın təbii qazı Bolqarıstanın tələbatının 25-30 %-ni ödəyə biləcək.

Ümumi uzunluğu 182 kilometr olan boru kəmərinin 150 kilometrlik hissəsi Bolqarıstan ərazisindən keçir. Boru kəmərinin illik ötürücülük qabiliyyətinin 3-5 milyard kubmetr olacağı gözlənilir.

Son xəbərlər

Bütün Xəbər Lenti