Gürcüstan Azərbaycandan elektrik enerjisi idxalını artırıb
- 19 oktyabr, 2021
- 10:13
Bu ilin yanvar-sentyabr aylarında Gürcüstan Azərbaycandan 505,5 milyon kilovatt/saat həcmində elektrik enerjisi idxal edib.
“Report”un yerli bürosu xəbər verir ki, bu barədə “Gürcüstanın elektrik enerjisi sisteminin kommersiya operatoru”nun (ESCO) hesabatında bildirilib.
Sənədə əsasən, bu, illik müqayisədə 12,3 % çoxdur.
Hesabat dövründə Gürcüstan ümumilikdə 1 milyard 716,1 milyon kilovatt/saat həcmində elektrik enerjisi tədarük edib ki, bunun da 29,46 %-ni Azərbaycan ödəyib.
İlk doqquz ayda Rusiya (1 milyard 049,4 milyon kilovatt/saat) qonşu ölkənin əsas elektrik enerjisi tədarükçüsü olub.
Yanvar-sentyabrda Gürcüstanın Azərbaycandan Türkiyəyə tranzit etdiyi elektrik enerjisinin həcmi 203,1 milyon kilovatt/saat təşkil edib. Bu, ötən ilin eyni göstəricisindən 2 dəfə çoxdur.
Qeyd edək ki, elektrik enerjisinin mübadiləsi hazırda Azərbaycan və Gürcüstan arasında 500 kV-luq Samux-Qardabani və 330 kV-luq Ağstafa-Qardabani elektrik verilişi xətləri vasitəsilə həyata keçirilir.