“Fitch” SOCAR-ın Türkiyədəki neft-kimya kompleksinin ümumi borcunun əhəmiyyətli dərəcədə azalacağını gözləyir
- 06 oktyabr, 2023
- 15:36
Yeniliklərdən dərhal xəbərdar olun!
“Fitch Ratings” beynəlxalq reytinq agentliyi Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədəki yatırımı olan “Petkim Petrokimya Holding AŞ” neft-kimya kompleksinin ümumi borcunun 2022-ci maliyyə ilində 1,5 milyard ABŞ dollarından 2023-cü ilin sonuna təxminən 1 milyard ABŞ dollarına qədər azalacağını proqnozlaşdırır.
"Report" xəbər verir ki, bu barədə "Fitch"in "Petkim"in reytinqlərinə yenidən baxılmasına dair hesabatında deyilir.
“Bununla belə, borcun ödənilməsi xalis borca neytral təsir göstərəcək, çünki “Fitch” nağd pul və depozitlərdən əhəmiyyətli istifadəni nəzərdə tutur", - hesabatda qeyd edilib.
Bildirilir ki, 2023-cü ilin iyun ayının sonunda “Petkim”in qısamüddətli borcu 16,5 milyard TL olduğu halda, şirkətin pul vəsaitləri və onların ekvivalenti təxminən 10,5 milyard TL təşkil edirdi. Qısamüddətli borclara agentlik tərəfindən borc kimi baxılan nafta alışı üçün akkreditivlərdən və “Murabaha” kreditindən yaranan 9,7 milyard TL öhdəliklər daxildir.
“Emitent 2023-cü ilin yanvar ayında nağd pul və 3 illik 300 milyon ABŞ dolları məbləğində kredit hesabına 500 milyon ABŞ dolları məbləğində olan istiqrazları uğurla ödəyib. Buna baxmayaraq, “Petkim” yerli banklardan, qısamüddətli borcların dövriyyəsindən və ana şirkətin potensial dəstəyindən böyük dərəcədə asılı olaraq qalır”, - hesabatda deyilir.
Reytinq agentliyi 2022-ci maliyyə ili ilə müqayisədə yaxşılaşmaya baxmayaraq, “Petkim”in likvidliyini zəif hesab edir.
“Fitch” faiz xərclərində kəskin artımlar, aşağı gəlirlər və davamlı kapital tələbləri səbəbindən kompleksin mənfi sərbəst pul axınının 2023-cü və 2024-cü illərdə davam edəcəyini, 2025-2026-cı illərdə sərbəst pul axınının mənfi təsirlərə məruz qalmayacağını proqnozlaşdırır. Agentlik “Petkim”in USD/EUR ilə borc almağa davam edəcəyini güman edir ki, bu da daxili faiz şoklarının ona təsirini məhdudlaşdırır.
“Fitch” həmçinin “Petkim”in pul vəsaitləri üzrə qalığın 2023-2026-cı illərdə 100-150 milyon ABŞ dolları arasında olacağını gözləyir ki, bu da tarixi səviyyədən aşağıdır və dövriyyə kapitalı əhəmiyyətli dərəcədə dəyişərsə, qısamüddətli maliyyələşdirmədən asılılığı artıra bilər: "Dövriyyə kapitalının xaricə axınının 2023-cü ildə təxminən 0,2 milyard TL, 2024-2026-cı illərdə isə 3,7 milyard TL olacağı proqnozlaşdırılır".
Neft-kimya kompleksi üçün əsaslı xərclərin 2023-cü ildə satışın təxminən 6,5 %-i, 2024-2025-ci illərdə təxminən 5 %-i, 2026-cı ildə isə 9 %-i olacağı gözlənilir.
“Fitch”in proqnozlarına görə, ilin sonunda ABŞ dollarının lirə məzənnəsi 30 TL/USD, 2024-cü ildə 34 TL/USD, 2025-2026-cı illərdə 37,5 TL/USD təşkil edəcək.