Türkiyə və Azərbaycan Bakı-Tbilisi-Ərzurum boru kəməri ilə nəqledilən təbii qazla bağlı müzakirələr aparır.
“Report” xəbər verir ki, bu barədə Türkiyənin enerji və təbii sərvətlər naziri Fatih Dönməz “Habertürk”ə müsahibəsində deyib.
Qeyd edək ki, ötən ilin oktyabr ayının 15-də Azərbaycan və Türkiyə arasında 2024-cü ilin sonuna qədər qüvvədə olacaq və Bakı-Tbilisi-Ərzurum xətti ilə nəql ediləcək əlavə 11 milyard kubmetr təbii qaz ticarəti müqaviləsi imzalanıb. 2021-ci ilin aprelində başa çatmış müqaviləyə əsasən, Türkiyə hər il Bakı-Tbilisi-Ərzurum boru xətti ilə Xəzərin Azərbaycan sektorundakı “Şahdəniz” qaz yatağından 6,6 milyard kubmetr qaz tədarük edirdi.
"Bizim əvvəlki qaz kəməri müqavilələrimiz uzunmüddətli idi, 20-30 illik. İndi bir az daha qısa, ortamüddətli sövdələşmələrlə gedirik. Təbii ki, tədarük təhlükəsizliyi arbitrajı baxımından uzunmüddətli müqavilələrin əhəmiyyəti var. İndi qısa, ortamüddətli sövdələşmələr üzrə qiymətlərə yenidən baxmalıyıq. Davam edən başqa müqavilələrimiz də var.
Zamanı gələndə öz qazımızı nə qədər hasil edəcəyimiz bəlli olacaq. Çatışmayan hissəni yeni təchizat məntəqələrindən qarşılayacağıq. Hazırda Avropada tədarük qıtlığı pik həddədir. Onların da xaricdən böyük enerji asılılığı var. Bu gün sanki qiymətdən çox tədarükün təhlükəsizliyi ön plana çıxıb”, - Fatih Dönməz bildirib.
Onun sözlərinə görə, İzmirdə FSRU gəmiləri sistemə gündə 22 milyon kubmetr qaz verə bilir: "Eyni miqdarda qaz Hatay Dörtyoldakı gəmimizdən də ala bilirik. Əliağadakı Ege terminalının gündəlik daşıma qabiliyyətini artırdıq və hazırda 40 milyon kubmetrə yaxındır. Marmara Ereğlisində daha bir terminalımız var. Onun çıxış tutumunu 38 milyon kubmetrə çatdırdıq. Biz 4 terminaldan sistemə 100 milyon kubmetrdən çox qaz verə bilmişik. İrandan gündəlik 30 milyon kubmetr olmaqla, illik 10 milyard kubmetr qaz tədarükü olub.
Daha əvvəl Azərbaycan qazını yalnız Cənubi Qafqaz Boru Kəməri ilə alırdıq, indi isə Trans-Anadolu Qaz Boru Kəməri (TANAP) vasitəsilə də nəql edilir. Rusiyadan aldığımız qaz Ukraynadan gəlirdi. Ona görə də sistemdə adi axına uyğun planlaşdırmalıyıq”.
Türkiyənin enerji naziri bildirib ki, həmçinin yeni mayeləşdirilmiş təbii qaz müqavilələri bağlanılır: "Ən son Rusiya ilə bitən müqavilələri ötən ilin sonunda yenilədik. Qara dəniz qazının hasilatına başlandıqdan sonra qısa, orta və uzunmüddətli perspektivdə tələb-təklif balansını pozmayacaq şəkildə bir qismini xaricdən almaqla tədarük proqramını müəyyənləşdirəcəyik.