“Equinor”un SOCAR-a satdığı aktivlərin ümumi dəyəri məlum olub

Energetika
  • 28 dekabr, 2023
  • 07:44
“Equinor”un SOCAR-a satdığı aktivlərin ümumi dəyəri məlum olub

Norveçin “Equinor” şirkətinin Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) satdığı aktivlərinin təxmini dəyəri məlum olub.

“Report”un xarici mətbuata istinadən verdiyi məlumata görə, dekabrın 22-də SOCAR tərəfindən “Azəri-Çıraq-Günəşli” (AÇG), “Qarabağ” yataqları, həmçinin Bakı–Tbilisi–Ceyhan (BTC) layihəsi üzrə “Equinor” şirkətinə məxsus iştirak paylarının alınmasına dair sənədlər imzalanmasından əvvəl, analitiklər bu aktivlərin ümumi dəyərini bir milyard ABŞ dolları dəyərində qiymətləndirirdilər.

Ancaq istər “Equinor” şirkəti, istərsə də SOCAR imzalanan sövdələşmənin ümumi dəyəri ilə bağlı heç bir rəsmi açıqlama verməyiblər.

“Equinor” şirkətinin nümayəndəsi satış qiymətini açıqlamasa da, “Reuters”ə bildirib ki, Norveç şirkəti Azərbaycandakı paylarını zərərlə satışını həyata keçirib. Bu sövdələşmə isə 300-400 milyon ABŞ dollarına qədər dəyər itkisi ilə nəticələnib.

Məlumata görə, bu satışı həyata keçirməklə “Equinor”un Azərbaycandakı 30 ildən artıq davam edən fəaliyyəti sona çatıb. Bununla belə, “Equinor” ilə SOCAR arasında dekarbonizasiya və "yaşıl enerji" sahələrində əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.

Bu alqı-satqıya qədər, “Equinor” AÇG neft yataqlarında 7,27 %, BTC boru kəmərində 8,71 %, “Qarabağ” yatağında isə 50 % iştirak payına malik olub. SOCAR-ın iştirak payı isə AÇG-də 25 %, BTC-də 25 %, “Qarabağ” yatağında 50 % təşkil edib.

Qeyd edək ki, AÇG Azərbaycanın ən böyük neft yatağı blokudur. Yataqlar blokunun işlənməsi üzrə hasilat bölgüsünə dair ilk müqavilə 1994-cü ilin 20 sentyabr tarixində imzalanıb. 2017-ci ilin 14 sentyabr tarixində isə həmin yataqların birgə istismarına və hasilatın pay bölgüsünə dair yeni saziş imzalanıb. Bu saziş yataqların 2049-cu ilin sonunadək işlənməsini nəzərdə tutur.

AÇG-də BP (30,37 %), SOCAR (25 %), “MOL Group” (9,57 %) INPEX (9,31 %), “Equinor” (7,27 %), “ExxonMobil” (6,79 %), TPAO (5,73 %), ITOCHU (3,65 %), “ONGC Videsh Limited” (2,31 %) pay sahibidir.

“Qarabağ” yatağı Xəzər dənizinin cənub hövzəsində, Abşeron arxipelaqının şimal hissəsində yerləşir. Yataqda 1997-1998-ci illərdə Xəzər Beynəlxalq Neft Şirkəti konsorsiumu tərəfindən qazma işləri aparılıb. 2020-ci ildə SOCAR-ın və “Equinor” şirkətinin birgə qazma əməliyyatı vasitəsilə bu yataq məhz neft yatağı kimi kəşf edilib.

“Qarabağ” neft yatağının işlənməsi ilə əlaqədar Risk Xidməti” (RXS) Sazişi 2018-ci il mayın 30-da SOCAR və "Equinor" şirkətləri arasında imzalanıb. Layihədə şirkətlərin hər biri 50 % paya malik idi.

“Azəri-Çıraq-Günəşli” yataqlar blokundan hasil olunan neft və “Şahdəniz” yatağından çıxarılan kondensat, SOCAR-ın nefti, eləcə də Xəzər dənizi regionunun digər ölkələrinin nefti BTC boru kəməri ilə nəql olunur. BTC neft kəmərinin uzunluğu 1 768 km-dir. Bunun 443 km-i Azərbaycan, 249 km-i Gürcüstan, 1 076 km-i Türkiyə ərazisindədir. Boru kəmərinin ötürmə qabiliyyəti ildə 50 milyon tondan çoxdur.

Layihənin iştirakçıları BP (30,1 %); SOCAR (25 %); MOL (8,9 %); “Equinor” (8,71 %); TPAO (6,53 %); ENI (5 %); “Itochu” (3,4 %); “ExxonMobil” (2,5 %); INPEX (2,5 %), “TotalEnergies” (5 %) və “ONGC Videsh Limited” (2,36 %) şirkətləridir.

Son xəbərlər

Bütün Xəbər Lenti