Azərbaycanda ekoloji təmiz avtomobillər çün bir sıra güzəştlərin tətbiqi nəzərdə tutulub.
"Report" xəbər verir ki, bu barədə "Azərbaycanda ekoloji təmiz avtomobillərin istismarı və təmiz ətraf mühit” mövzusunda mətbuat konfransında çıxış edən Azərbaycan Energetika Nazirliyinin İqtisadiyyat şöbəsinin müdiri Rauf Qurbanov deyib.
Onun sözlərinə görə, ekoloji təmiz avtomobillərin təşviqi üçün bir sıra təkliflər hazırlanıb: "Ekoloji təmiz avtomobillər üçün enerji doldurma məntəqələrinin yaradılması və ümumi şəbəkəyə qoşulması nəzərdə tutulur. İlkin araşdırmalara görə müəyyən edilib ki, bu məntəqələrin gücü heç də 150 kVt-dan artıq olmayacaq".
R. Qurbanov həmçinin bu avtomobillərin park yerlərində də güzəştli şərtlərlə saxlanmasını təklif olunduğunu qeyd edib: "Bundan əlavə gələcəkdə ölkəmizdə olacaq ödənişli yollardan həmin növ nəqliyyat vasitələrinin tam pulsuz istifadə etməsini düşünürük. Biz həmçinin mobil tətbiqin yaradılmasını düşünürük. Hansı ki, burada ekoloji təmiz avtomobillərin şarj olunması yerləri göstəriləcək".