Dünya bazarında neftin qiyməti aprel ayında ən aşağı səviyyələrə (aprelin 21-də “Brent” nefti 19,33 dollar/barel, aprelin 20-də WTI -40 dollar/barel) düşdükdən sonra yenidən artmağa başlayıb. Aprel ayının 27-dən sonra, demək olar ki, artım tempi müşahidə olunmaqdadır. Hazırda “Brent” neftinin bir barelinin iyul ayı üçün fyuçers qiymətləri 30 ABŞ dolları, WTI neftinin bir barelinin iyun ayı üçün fyuçers qiymətləri 24 ABŞ dolları civarındadır.
Bəs hansı faktorlar nefti bahalaşdırır? Artım tendensiyası davam edəcəkmi?
Bütün bunları “Report”a enerji məsələləri üzrə ekspert, fəlsəfə doktoru Emin Axundzadə şərh edib.
O, neftin bahalaşmasını əsasən iki faktorla - koronavirus pandemiyası səbəbindən tətbiq edilən karantin rejiminin bir çox ölkələrdə yumşaldılması və neft anbarları üzərindəki yükün azaldılması ilə əlaqələndirir:
“Aprelin 27-dən sonra Avropa, Asiya və Afrikanın müxtəlif ölkələrində, həmçinin ABŞ-ın 32 ştatında karantin rejiminin yumşaldılması istiqamətində tədricən addımlar atılmağa başlandı. Bu bizə neftə tələbatın artması ilə bağlı ilkin siqnalları verməkdədir. Neftə olan tələbatın demək olar ki, 60%-i yanacaq sektoru ilə bağlıdır. Bu sektordakı sərfiyyatın isə təqribən 38%-i insanların işə gedib-gəlməsindən asılıdır. Karantin rejimlərinin yumşaldılması ilə artıq insanların iş fəaliyyəti tədricən bərpa olunmağa başlayır, bu da təbii olaraq nəqliyyat vasitələrinin sayını artırır. Eyni zamanda bir çox ölkələrdə emal müəssisələri, fabriklər işini bərpa etməyə başlayır. Bütün bunlar da öz növbəsində tələbatın nisbətən yavaş-yavaş artması ilə nəticələnib.
İkinci səbəbə gəlincə isə son zamanlarda, xüsusən son iki həftədə anbarlarda neft həcmlərinin artım tempində azalmalar müşahidə edilir. Məsələn, əgər iki həftə öncə anbarlarda neft həcmləri gündəlik 15,2 mln. barel artırdısa, ötən həftə ərzində 4,6 mln. barel artıb. Artımla bağlı gözlənti isə 7,7 mln. barel təşkil edirdi. Göründüyü kimi, anbarlarda neft həcmləri gözləntilərdən 40% daha aşağı tempdə artıb.
Bununla yanaşı, son iki həftədə ABŞ-da benzin ehtiyatları 6,8 mln. barel, son həftədə isə 3,2 mln. barel azalıb. Ancaq bazardakı gözlənti 43 min barel artacağı ilə bağlı idi.
Benzin ehtiyatlarının azalması və anbarlarda neft ehtiyatlarının artım tempinin aşağı düşməsi artıq neftə olan tələbatın tədricən artmağa başladığını göstərir. Təkcə ABŞ-da ötən həftə benzin sərfiyyatı gündəlik 1,4 mln. barel artıb”.
Ekspert ABŞ Federal hökumətinin strateji neft ehtiyatlarının saxlanıldığı anbarların şirkətlərə açmaqla bağlı qərarının, iki aydır Çinin neft idxalında artımların (martda 12%, apreldə mart ayına görə 8%) olmasının, ABŞ-da təbii yolla hasilatın azalmasının gözləntilərdən daha sürətli şəkildə baş verməsinin də bazara təsir edən amillərdən olduğunu bildirib:
“ABŞ-da strateji neft anbarlarının şirkətlərin istifadəsinə verilməsi kommersiya məqsədli anbarlar üzərindəki yükün bir qədər azaldılmasına müsbət təsir göstərdi. Artıq 9 şirkət hökumətlə 23 milyon barel həcmində lizinq müqaviləsi imzalayıb və bu həcmi 80 milyon barelə qədər artırmaq mümkündür.
Bundan başqa, bu gün ABŞ-da gələcək neft hasilatı ilə bağlı əsas göstəricilərdən biri qazma qurğularının sayının dəyişməsidir. ABŞ-da son 7 həftədə qazma qurğularının sayı 52%, keçən həftə isə 14% azalıb. Bu, 2016-cı ildən etibarən ən aşağı göstəricidir. Bu da ona əsas verir ki, ABŞ-ın neft hasilatı gələcəkdə təbii yolla daha sürətli şəkildə azala bilər. Artıq hasilatla bağlı ilkin proqnozlar da fərqlidir. Əgər aprel ayının əvvəlində ABŞ-ın gündəlik neft hasilatının ilin sonuna 2-3 mln barel azalması proqnozlaşdırılırdısa, may ayında mart ayı ilə müqayisədə gündəlik 2 mln. barel azala biləcəyi proqnozlaşdırılır”.
Ekspert ABŞ-ın neft hasilatının mart ayının ortasından may ayının 1-dək gündəlik 1,2 mln. barel, bir ayda 3 həftə ərzində hər həftə 100 min barel, son həftədə isə 200 min barel azalmasının, ölkənin bir çox şirkətinin hasilatı azaldacağı ilə bağlı proqnozlarının da bazara təsir etdiyini qeyd edib.
“ABŞ-da 7 minə yaxın quyunun bağlanması və texniki çətinliyə görə bir çoxunun yenidən istismara verilməsinin gözlənilmədiyi bəyan edilib. Bundan başqa, ABŞ-ın “Chevron” və “ExxonMobil” şirkətlərinin iyun ayına qədər hər birinin gündəlik 400 min barel, “ConocoPhillips” şirkətinin 460 min, digər kiçik şirkətlərin isə 3-50 min barelə qədər hasilatı azalda biləcəklərini bəyan etməsi onu göstərir ki, növbəti aylarda təbii yolla azalmaların daha da sürətlənmə ehtimalı var”, - E.Axundzadə əlavə edib.
Ekspert mayın 1-dən OPEC+ formatında yeni sazişin qüvvəyə minməsinin, ABŞ, Kanada, İran, Nigeriya, Liviya və Venesuelada da təbii azalmaların baş verməsinin, Norveçin könüllü olaraq hasilatı azaltmaqla (250 min barel/gün) bağlı qərar verməsinin, bazardakı izafi neft həcmlərinn bir qədər azaldılacağı gözləntilərinin də bazara müsbət təsir etdiyini qeyd edib:
“Dünyanın ən böyük 4-cü neft hasilatçısı olan Kanada qiymətlərin aşağı olmasından ən çox təsirlənən ölkələrdəndir. Ölkənin Alberta bölgəsində neft qumunun (tərkibi su, qum, gil və bitumdan ibarətdir) hasilatı mürəkkəb texnologiya tələb etdiyindən xərcləri yüksəkdir və hazırki qiymətlərə tab gətirə bilmirlər. Nəticədə Kanadadakı qazma qurğuları son 20 ilin ən aşağı səviyyəsinə düşüb və hazırda sadəcə 7 aktiv qazma qurğusu fəaliyyət göstərir. Proqnozlara görə, cari ilin II rübündə Kanadanın gündəlik neft hasilatı 1,3 mln. barel, ilin axırında isə 2 mln. barel həcmində azala bilər. OPEC+ sazişinin qüvvəyə minməsi də artıq ilkin nəticələrini göstərməyə başlayıb. Məsələn, Səudiyyə Ərəbistanından Çinə gedən tankerlərin icarə haqqı 50% aşağı düşüb. Bu onu gəstərir ki, artıq Səudiyyə Ərəbistanı əvvəlki kimi böyük həcmlərdə neft ixrac etmir. Hesablamalar onu göstərir ki, bu ölkə öz üzərinə götürdüyü öhdəliklərdəki səviyyəyə gələ bilib, yəni hazırda gündəlik 8,5 mln. barel neft hasil edir. Bundan başqa, Səudiyyə Ərəbistanı artıq Asiya bazarlarında qiymətlərini 1,4 dollar artırıb. Səudiyyə Ərəbistanın qiymətləri yenidən artırması tələbatın artdığını göstərir. Bütün bunlar bazara müsbət təsir göstərən amillərdir”.
O qeyd edib ki, hazırki vəziyyətdə bazarda dalğalanmalar ola bilər, amma əsas məsələ odur ki, qiymətlər 19 dollar/bareldən 32 dollar/barelə qədər yüksəlib.
Ekspert qiymətlərin bundan sonra da bir qədər arta biləcəyini, lakin may ayı üçün kəskin artımla bağlı proqnozun hələlik tez olduğunu bildirib: “May ayında qiymətlərdə dalğalanmalar olacağı gözlənilir. Hazırda qlobal iqtisadiyyat böhran dönəmindədir və son 70 ilin ən aşağı tələbatı müşahidə edirik. İlk növbədə qlobal iqtisadiyyatın dirçəlməsi, canlanması lazımdır ki, nəticədə neft tələbatına uzun müddətli müsbət təsir göstərsin”.
O, bazarda bir çox ölkənin karantin rejimini gözləniləndən daha tez yumşaltmasından qaynaqlanan müsbət abu-hava olduğunu qeyd edib.
Ekspert hesab edir ki, tədricən tələbatda artım, hasilatda müəyyən qədər azalmalar müşahidə olunacaq: “Bu da tələb və təklif arasındakı disbalansı azaldacaq. Amma bu bir anda baş verməyəcək. Bunun üçün zaman lazımdır”.
Bununla yanaşı, E.Axundzadə qiymətlərin artıq ən dibi gördüyünü və bundan sonra çox kəskin enişlərin olmayacağını düşünür.
Ekspert hesab edir ki, növbəti günlərdə qiymətlərə əsas təsir göstərən faktorlar ölkələr tərəfindən karantin rejimlərinin yumlaşdılması istiqamətində atılacaq addımlar ola bilər: “Qiymətlərin kəskin artacağını indidən proqnozlaşdırmaq hələ tezdir. Ölkələr normal şəkildə yumşaldılmanı idarə edə bilərsə, əlavə olaraq digər ölkələr tərəfindən də yumşaldılma istiqamətində addımlar atılarsa, bazara müsbət təsir göstərər və tələbat artan xətt üzrə davam edər”.
Ekspert bazara təsir göstərə biləcək amillərdən digərinin də OPEC+ sazişinə daxil olan ölkələrin öz öhdəlikərinə hansı səviyyədə əməl edəcəkləri ilə bağlı olduğunu bildirib: “OPEC+ sazişinə qoşulan ölkələrin hamısının öz öhdəliklərini tam həcmdə yerinə yetirə biləcəyi ilə bağlı bazarda müəyyən tərəddüdlər var. Çünki bundan öncəki razılaşmada Rusiya, Qazaxıstan, İraq və Nigeriya kimi ölkələr öz öhdəliklərini yerinə yetirməkdə çətinliklər çəkiblər. Bundan başqa, Rusiya yeni sazişdə 2,5 mln. barel həcmində azalma öhdəliyi götürüb, ancaq ölkənin azalmanı bir anda edə biləcəyi istiqamətində tərəddüdlər var. Rusiyanın ehtiyatlarının çox hissəsi sərt iqlimdə yerləşir, buradakı quyular texniki nöqteyi-nəzərdən mürəkkəb quyulardır və onların bağlanılması zaman ala bilər. OPEC+ sazişinə daxil olan ölkələr öz öhdəliklərini tam həcmdə yerinə yetirərsə, bazara müsbət təsirini göstərəcək”.
Bunlarla yanaşı, ekspert ABŞ-Çin münasibətlərindəki gərginliyin səviyyəsinin bazara təsir edə biləcəyini vurğulayıb: “Son dövrdə ABŞ və Çin arasında koronavirus səbəbindən gərginlik atan xətt üzrə davam edir. ABŞ koronavirusun iqtisadi zərərlərinə görə Çin hökumətindən təzminat istəyir və gömrük tariflərini qaldıra biləcəyini bildirir. Əgər ABŞ gömrük tariflərini yenidən qaldırar və ticarət savaşını başladarsa bu, qlobal iqtisadiyyatın yenidən əvvəlki səviyyəyə qayıtma müddətini uzada bilər. Bu da, öz növbəsində gələcəkdə neftin qiymətinə mənfi təsir göstərə bilər”.
Ekspert qeyd edib ki, növbəti günlərdə qiymətə təsir göstərəcək əsas göstərici anbarlardakı neft həcmlərindəki dəyişiklik ola bilər: “Əgər neft həcmləri gözləntilərdən yuxarı tempdə artarsa, bu, qiymətlərə öz mənfi təsirini göstərəcək. Çünki bazar hazırda kövrəkdir. Ona görə də qiymətlər üzərində dominant olan istənilən faktorlar qimətlərin artıb-azalmasına təsirini göstərir. Amma bütün bunlarla yanaşı, deyə bilərik ki, mövcud şərtlər altında, tələbat tədricən artmağa davam edəcək”.
Ekspert iyun ayında da may ayı kimi bazarın dalğalı ola biləcəyini, lakin III rübdən tələbatda nisbətən daha sürətli artımların ola biləcəyini proqnozlaşdırır.
O qeyd edib ki, insanların davranış tərzində də müəyyən vərdişlər formalaşdığından, bir anda artımlar gözlənilmir və bazar kövrək olduğundan treyderlər uzunmüddətli inam gözləyir.
E.Axundzadə hesab edir ki, hazırki şərtlərdə “Brent” neftinin qiymətinin 30 dollar səviyyəsində olması qənaətbəxş rəqəmdir: “Bu rəqəm may ayında gözlənilmirdi, gözlənti 20 dollarlar və ya daha da aşağı düşmə ilə bağlı idi. Amma yuxarıdakı arqumentlər qiymətlərin artmasına öz təsirini göstərdi. Əsasən III rübün sonu, IV rübün əvvəlində tələbatda ciddi artım və tələblə-təklif arasında disbalansın ciddi azalmasını müşahidə edə bilərik. Hətta IV rübdə qiymətlərin 45-50 dollar/barel səviyyəsinə çatma ehtimalı var”.