Dünya Bankı Azərbaycanın elektrik enerjisi bazarının liberallaşdırılması ilə bağlı tövsiyələr hazırlayıb
- 01 avqust, 2023
- 14:20
Dünya Bankı “Azərbaycanda elektrik enerjisi bazarının liberallaşdırılması üçün keçid mexanizmlərinin inkişafına dəstək” layihəsi çərçivəsində Azərbaycan hökuməti üçün “yol xəritəsi” hazırlayıb.
“Report” Dünya Bankının layihə ilə bağlı hesabatına istinadən xəbər verir ki, bu “yol xəritəsi” enerji sektorunun dekarbonizasiyaya dair məqsədlərinə nail olmağa və təchizatın təhlükəsizliyini təmin etməyə yardım göstərəcək.
Hesabatda vahid alıcı modeli (SBM elektrik enerjisinin topdansatış ticarətində monopoliya ilə xarakterizə olunur) və onun həyata keçirilməsi ilə bağlı tövsiyələr var: “Azərbaycanın “2022-2026-cı illər üzrə sosial-iqtisadi inkişaf Strategiyası”nda qeyd olunduğu kimi, hökumət SBM-nin inkişafını rəqabətli bazara keçidin mühüm komponenti hesab edir.
SBM-in məqsədi elektrik enerjisi sektorunun səmərəliliyini artırmaq və Azərbaycanın “təmiz enerji” ixracına dəstək verməkdir. SBM vasitəsilə enerji istehsal mənbələrindən istifadəni optimallaşdırmaqla sektorda xərcləri azaltmaq hədəflənir. Bu, dəyişən bərpa olunan enerjinin (VRE) sistemə daxil edilməsi zamanı daha çevik hərəkət etməyə səbəb olur. Bu, Azərbaycanın VRE potensialını reallaşdırmağa, investisiyaları cəlb etməyə və ölkənin “yaşıl enerji”nin ixracı üzrə hədəflərini dəstəkləməyə imkan verəcək”.
Araşdırmalara görə, SBM-nin tətbiqi iki mərhələdə baş verəcək və tam rəqabətli elektrik enerjisi bazarının yaradılması istiqamətində keçid tədbiri kimi qəbul edilməlidir: “Bu, rəqabət aparan istehsalçıların xərclərini əks etdirən və rəqabətqabiliyyətli qiymət siqnalları əsasında fəaliyyət göstərəcəyi ikitərəfli müqavilələr üçün rəqabətli bazarın inkişafı istiqamətində aralıq addım rolunu oynayır. SBM bu prosesdə başlanğıc nöqtəsi kimi çıxış edir. Doğrudur, onun həyata keçirilməsi problemli ola bilər və bazar qiymətlərinin müəyyən edilməsi üçün Tarif Şurasının təsdiqini tələb edə bilər. Müvəqqəti tədbir olaraq, SBM sistemin işinə və ya qiymətə təsir etmədən mövcud dispetçer və müqavilə prosedurları ilə yanaşı “kölgə bazarı” kimi fəaliyyət göstərəcək. Hazırda “Azərenerji” ASC daha az istismar xərcləri olan generatorlara üstünlük verərək oxşar qeyri-rəsmi sistemdən istifadə edir”.
Dünya Bankının hesabatında bildirilib ki, Azərbaycanın enerji sektorunda fundamental institusional və tənzimləyici dəyişikliklər olmadan SBM optimal fəaliyyət göstərə bilməyəcək və ya dəyişən enerji təchizatı ilə bərpa olunan mənbələrə investisiyaların səmərəliliyinə və arzu olunan artımına nail ola bilməyəcək.
Qeyd edək ki, vahid alıcı modeli elektrik enerjisini uzunmüddətli müqavilələr əsasında generatorlardan müsabiqə əsasında alan və müvafiq olaraq tənzimlənən qiymətlərlə satan vahid dövlət qurumunun yaradılmasını nəzərdə tutur. Elektrik enerjisi sənayesinin rəqabətli modelinə üstünlük verməyən bir çox ölkələr qismən liberallaşdırılmış modelə - vahid alıcı modelinə keçiblər, çünki bu, bir tərəfdən, özəl investorların hüquqlarını pozmur, digər tərəfdən, dövlətə istehlakçı üçün son qiymətlərin artımına hər hansı şəkildə təsir göstərməyə imkan verir.