Dövlət katibi: "Azərbaycan Monteneqronun TAP-a qoşulmasına kömək etməyə hazırdır" - MÜSAHİBƏ
- 03 mart, 2026
- 17:15
Qərbi Balkanların enerji gündəliyi tədricən daxili islahatlar çərçivəsindən çıxır və təchizat və infrastruktur əlaqələrinin ümumavropa arxitekturasına getdikcə daha fəal inteqrasiya olunur. Bu kontekstdə ölkəni Trans-Adriatik Qaz Boru kəməri (TAP) ilə, onun vasitəsilə isə Cənub Qaz Dəhlizi və Xəzər təchizatı ilə birləşdirməli olan Adriatik-İon Qaz Boru Kəməri (IAP) layihəsi Monteneqro üçün xüsusi əhəmiyyət kəsb edir.
Monteneqronun Energetika və Mədənçilik Nazirliyinin dövlət katibi Dino Tutundjiç "Report"a müsahibəsində IAP-ın Monteneqro hissəsinin hazırlığının hansı mərhələdə olduğu və bu proseslərdə Azərbaycanın hansı rolu oynaya biləcəyi, eləcə də bərpa olunan enerji mənbələri sahəsində əməkdaşlıq perspektivləri barədə danışıb.
Həmin müsahibəni oxuculara təqdim edirik:
- IAP-ın Monteneqro seqmenti üzrə ilkin layihələndirmə (FEED) hansı mərhələdədir və 2026-2027-ci illər üçün hansı əsas istiqamətlər nəzərdə tutulub?
- Biz Adriatik-İon Qaz Boru Kəmərini enerji transformasiyası dövründə sabitliyi təmin edən strateji əhəmiyyətli layihə kimi nəzərdən keçiririk.
Hazırda bu gündəliyin aktuallaşdırılması üçün qonşu dövlətlər - Xorvatiya və Albaniya ilə müzakirələrin bərpasına başlanılır. Yaxın həftələrdə regional əməkdaşlığa xüsusi diqqət yetirilməklə danışıqlar prosesinin intensivləşdirilməsi planlaşdırılır.
Ötən gün Azərbaycan Energetika Nazirliyinin nümayəndələri ilə olduqca məhsuldar görüş baş tutub. Tərəfdaşlar TAP-a qoşulma məsələsində dəstək göstərməyə səmimi maraq ifadə edirlər. Biz bunu həm Monteneqro, həm də bütün Qərbi Balkan regionu üçün, bizim fikrimizcə, böyük əhəmiyyət kəsb edən Adriatik-İon Qaz Boru Kəməri konsepsiyasının möhkəmləndirilməsi və daha da irəlilədilməsi üçün əla imkan kimi qiymətləndiririk.
- Azərbaycan qazının sənaye zonalarına və yaşayış məhəllələrinə yönəldilməsinə imkan verəcək daxili qazpaylayıcı şəbəkənin formalaşdırılması üzrə nazirliyin yol xəritəsi nədən ibarətdir?
- Biz İon-Adriatik boru kəməri üzrə danışıqlar prosesini intensivləşdirməliyik ki, ilk növbədə zəruri infrastrukturun yaradılmasını təmin edək, yalnız bundan sonra isə qazın istehlakçılara çatdırılmasından danışmaq olar.
Əsas vəzifə bu layihə çərçivəsində işimizi gücləndirməkdir. Prioritet məhz infrastruktur inkişafıdır. Biz maliyyələşdirmə məsələləri ilə bağlı bir sıra müzakirələr apardıq, lakin hər şeydən əvvəl layihənin təşviqi üzrə səyləri aktivləşdirmək zəruridir.
Trans-Adriatik Qaz Boru Kəmərinə qoşulmaqda dəstək verməyə hazır olduğunu bildirən Azərbaycan tərəfi ilə konstruktiv qarşılıqlı fəaliyyətimiz qurulub.
Beləliklə, ilkin addım infrastrukturun tikintisi planının hazırlanmasıdır, çünki məhz bu, Azərbaycandan qaz təchizatı ilə bağlı bütün sonrakı fəaliyyətlər üçün vacib ilkin şərt rolunu oynayır.
- Azərbaycanla günəş və külək enerjisi sahəsində əməkdaşlıq üzrə mümkün danışıqlar müzakirə olunurmu?
- Bərpa olunan enerji mənbələrimizə investisiyalar məsələsinə gəldikdə, azərbaycanlı sahibkarlar Monteneqroda hər zaman arzuolunan qonaqlardır.
Ötən ilin dekabrında biz 250 meqavat gücündə günəş elektrik stansiyasının inşası üzrə ilk hərracı keçirdik. Cari ildə daha bir hərracın keçirilməsi planlaşdırılır, bununla əlaqədar Azərbaycan investorları Monteneqro ərazisində, ilk növbədə bərpa olunan enerji sahəsində həyata keçirilən layihələrdə iştirak etməyə dəvət olunurlar.
Qarşımızda öz enerji balansımızı gücləndirmək, yeni generasiya güclərini artırmaq və yaxın illərdə enerji dayanıqlılığını yüksəltmək vəzifəsi durur.
- Azərbaycanla əməkdaşlıq Monteneqroya Enerji Birliyi çərçivəsində öz öhdəliklərini yerinə yetirməyə və 2028-ci ilə qədər Avropa İttifaqına üzvlük meyarlarına cavab verməyə necə imkan verəcək?
- Bizim Avropa Komissiyası və Enerji Birliyi Katibliyi qarşısında xeyli sayda öhdəliklərimiz var və istənilən investisiyalar, xüsusən də tərəfdaş qismində nəzərdən keçirdiyimiz Azərbaycan tərəfindən yatırılan sərmayələr olduqca arzuolunandır.
Bu cür əməkdaşlıq enerji balansının şaxələndirilməsi və daha ekoloji modelə keçid sayəsində bizim enerji dayanıqlılığımızı möhkəmləndirəcək. Bütün proseslər Avropa İttifaqının tələblərinə cavab verməli və Avropa normativlərinə uyğun olmalıdır.
- Qərbi Balkanları və Xəzər regionunu birləşdirən infrastruktur layihələrinin maliyyələşdirilməsi üçün birgə enerji investisiya fondunun formalaşdırılması üzrə planlar mövcuddurmu?
- Azərbaycan və Monteneqro artıq hökumətlərarası qarşılıqlı fəaliyyəti yoluna qoyublar. Məndə olan məlumata görə, növbəti görüş aprel ayına planlaşdırılıb. Bu, Energetika Nazirliyindən olan azərbaycanlı həmkarlarla danışıqlar aparmaq və ikitərəfli əməkdaşlığın dərinləşdirilməsi yollarını nəzərdən keçirmək imkanı yaradacaq - ilkin mərhələdə institusional səviyyədə, daha sonra isə işgüzar sektor səviyyəsində.
- Azərbaycanın "PortoNovi" kurort kompleksinə yatırdığı investisiyaların uğurlu təcrübəsi nəzərə alınmaqla, kapital tutumlu əməkdaşlığın diqqət mərkəzinin enerji aktivləri istiqamətinə yönəldilməsi üzrə strategiya hazırlanırmı?
- Sizin qeyd etdiyiniz müsbət nümunəyə əsaslanaraq, ilk növbədə enerji sahəsində qarşılıqlı fəaliyyətin genişləndirilməsi üçün əhəmiyyətli potensial görürəm. Qarşıdakı aylarda biz, yəqin ki, sizin Energetika Nazirliyinizlə Anlaşma Memorandumu imzalayacağıq və yaxın gələcəkdə tərəfdaşlığımızın səmərəliliyini əhəmiyyətli dərəcədə artıra biləcəyimiz enerji sahəsindəki bütün əsas istiqamətləri müəyyən edəcəyik.