Bu ilin I rübündə Azərbaycanda neft hasilatının həcmi açıqlanıb
- 14 aprel, 2025
- 13:21
Bu ilin yanvar-mart aylarında Azərbaycanda 6,9 milyon ton neft (kondensatla birlikdə) hasil edilib.
“Report” xəbər verir ki, bu barədə Energetika Nazirliyinin bu ilin yanvar-mart ayları üzrə açıqladığı operativ məlumatlarında deyilir.
Bildirilib ki, bu, 2024-cü ilin ilk rübünün göstəricisi ilə müqayisədə 0,4 milyon ton və ya 5,48 % azdır.
Bildirilir ki, bu ilin yanvar-mart aylarında respublika üzrə neft hasilatının 4 milyon tonu “Azəri-Çıraq-Günəşli” yataqlar blokunun payına düşüb. Bu, 2024-cü ilin ilk üç ayı ilə müqayisədə AÇG üzrə neft hasilatı 0,2 milyon ton və ya 4,76 % azdır.
“Şahdəniz” yatağından 1 milyon ton kondensat hasil edilib. Bu isə ötən ilin yanvar-mart aylarının hasilat göstəricisi ilə müqayisədə 0,1 milyon və ya 9,09 % azdır.
Həmçinin, bu müddət ərzində 0,14 min tonu (qaz kondensatı) “Abşeron” yatağının payına düşüb ki, bu da illik müqayisədə eynidir.
Bu ilin yanvar-mart aylarında Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) üzrə neft (kondensatla birlikdə) hasilatı 1,8 milyon ton təşkil edib ki, bu da daha əvvəlki ilin ilk üç ayı ilə müqayisədə 0,1 milyon ton və ya 5,26 % azdır.
Yeri gəlmişkən, “Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” yataqları istismara veriləndən aprelin 1-nədək 655,2 milyon tona yaxın neft (kondensatla birlikdə) hasil edilib. “Azəri-Çıraq-Günəşli”dən 605,6 milyon ton neft, “Şahdəniz”dən isə 49,6 milyon tona yaxın kondensat çıxarılıb.
Qeyd edək ki, "Abşeron" yatağı Azərbaycan geoloqları tərəfindən 1960-cı illərdə kəşf edilib. Yataqda qaz həcminin 350 milyard kubmetr olduğu bildirilir.
Azərbaycan sahillərindən təxminən 100 km aralıqda yerləşən “Azəri-Çıraq-Günəşli” yataqlar blokundan ilk neft 1997-ci ildə hasil olunub. Yataqlar blokunun işlənməsi üzrə hasilat bölgüsünə dair ilk müqavilə 1994-cü ilin 20 sentyabr tarixində imzalanıb. 2017-ci ilin 14 sentyabr tarixində isə həmin yataqların birgə istismarına və hasilatın pay bölgüsünə dair yeni saziş imzalanıb. Bu saziş yataqların 2049-cu ilin sonunadək işlənməsini nəzərdə tutur.
"Şahdəniz" perspektiv sahəsinin kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında saziş 1996-cı il iyunun 4-də imzalanıb. "Şahdəniz" üzrə hasilatın pay bölgüsü (PSA) sazişi 17 oktyabr 1996-cı ildə ratifikasiya olunub. Bakıdan 70 km cənub-şərqdə yerləşən yataq 1999-cu ildə kəşf olunub.