Bu il TANAP-la 1 mlrd. kubmetr qaz nəql ediləcək

Bu il TANAP-la 1 mlrd. kubmetr qaz nəql ediləcək Bakı. 2 oktyabr. REPORT.AZ/ Bu ilin sonuna Trans Anadolu Boru Kəməri (TANAP) vasitəsilə Türkiyəyə nəql edilən təbii qazın miqdarı 1 mlrd. kubmetr olacaq.
Energetika
2 Oktyabr , 2018 13:43
Bu il TANAP-la 1 mlrd. kubmetr qaz nəql ediləcək

Bakı. 2 oktyabr. REPORT.AZ/ Bu ilin sonuna Trans Anadolu Boru Kəməri (TANAP) vasitəsilə Türkiyəyə nəql edilən təbii qazın miqdarı 1 mlrd. kubmetr olacaq.

“Report” xəbər verir ki, bunu “SOCAR Turkey Enerji A.Ş.”nin baş direktoru Zaur Qəhrəmanov “Anadolu” agentliyinə bildirib.

Onun sözlərinə görə, TANAP-ın I hissəsi istismara veriləndən (iyunun 30-u) indiyədək boru kəməri ilə Türkiyəyə təxminən 400 mln. kubmetr qaz nəql edilib: “Bu miqdarın dekabr ayının sonunda  1 mlrd. kubmetr olacağı nəzərdə tutulub”.

Z. Qəhrəmanov TANAP-la Türkiyəyə 2019-cu ildə 2 mlrd. kubmetr, 2020-ci ildə 4 mlrd. kubmetr, 2021-ci ildə isə 6 mlrd. kubmetr qazın veriləcəyini qeyd edib.

“SOCAR Turkey” rəhbəri TANAP-ın ikinci hissəsi (Eskişəhərdən Türkiyə-Yunanıstan sərhəddinə qədər) üzrə işlərin 97%-nin tamamlandığını və bu hissənin 2019-cu ilin I yarısında Trans Adriatik Boru Kəmərinə (TAP) qoşulmaq üçün hazır olacağını bildirib.

Qeyd edək ki, Cənub Qaz Dəhlizi layihəsinin əsas seqmentlərindən biri olan TANAP-ın dəyəri 8 mlrd. dollar qiymətləndirilir. TANAP Türkiyənin Gürcüstanla sərhəddindən başlayır və Yunanıstan sərhəddində, Ədirnənin İpsala rayonunda Avropa ölkələrinə təbii qaz nəqlini həyata keçirəcək Trans-Adriatik Boru Kəmərinə (TAP) birləşdiriləcək.

Ümumi uzunluğu 1850 km olan TANAP Faza-0 və Faza-1 hissə olaraq həyata keçirilir. Boru kəmərinin Faza-0 adlandırılan Gürcüstan-Türkiyə sərhəddi-Eskişəhər hissəsinin diametri 56 düym, uzunluğu 1340 km təşkil edir. Bu il iyunun 12-də TANAP-ın bu hissəsinin rəsmi açılış mərasimi keçirilib. İyunun 30-da isə TANAP-la Türkiyəyə ilk kommersiya qazının tədarükü başlanıb. Kəmərin ilkin illik ötürücülük gücü 16 mlrd. kubmetr təşkil edir. Bu həcmin 6 mlrd. kubmetri Türkiyədə istifadə olunacaq, 10 mlrd. kubmetri isə Avropaya nəql ediləcək.

TANAP layihəsində “Cənub Qaz Dəhlizi” QSC 51%, Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədəki törəməsi “SOCAR Turkey Enerji A.Ş” 7%, BOTAŞ 30%, BP 12% paya malikdir.

Son xəbərlər

Orphus sistemi