Bu il BTC-nin əsaslı xərcləri 2 dəfə artırılıb
- 03 avqust, 2023
- 10:13
Bu ilin birinci yarısında Bakı-Tbilisi-Ceyhan (BTC) əsas ixrac neft kəməri üzrə əməliyyat xərcləri 59 milyon ABŞ dolları, əsaslı xərclərə isə təqribən 18 milyon ABŞ dolları xərclənib.
“Report” xəbər verir ki, bu barədə blokun operatoru “BP-Azerbaijan” şirkətinin əməliyyatçılar adından bu ilin birinci yarısının nəticələri üzrə biznesə dair yaydığı məlumatda qeyd edilib.
Ötən ilin birinci yarım ili ilə müqayisədə əsas ixrac boru kəmərinin əməliyyat xərcləri 10 milyon ABŞ dolları və ya 20,4 % artıb.
Bu müddət ərzində BTC-nin əsaslı xərcləri isə 9 milyon ABŞ dolları və ya 2 dəfə artıb.
Bildirilir ki, 1 768 km uzunluğunda olan BTC boru kəməri 2006-cı ilin iyun ayında istismara veriləndən 2023-cü ilin ikinci rübünün sonunadək bu boru kəməri vasitəsilə ümumilikdə 546 milyon ton (4,1 milyard barel) xam neft nəql edilib və Ceyhanda 5 402 tankerə yüklənərək dünya bazarlarına göndərilib.
BTC-nin ümumilkdə 4 milyard barel neft ixracına nail olması əlamətdar bir uğur kimi 18 yanvar 2023-cü il tarixində qeyd edilib.
Bu ilin 6 ayı ərzində BTC vasitəsilə ixrac olunmuş 15 milyon ton (təqribən 114 milyon barel) xam neft və kondensat 158 tankerə yüklənib və yola salınıb. Birinci yarım ildə BTC ilə nəqlin həcmi illik müqayisədə 0,9 milyon ton və ya 6,4 % çoxdur.
Hazırda BTC boru kəməri əsasən Azərbaycandan AÇG nefti və “Şahdəniz” kondensatı daşıyır. Bundan əlavə, BTC vasitəsilə Xəzərin digər regional xam neft və kondensat həcmləri (Qazaxıstan və Türkmənistan) də nəql olunur.
Qeyd edək ki, BTC Ko.-nun səhmdarları BP (30,10 %); AzBTC (25,00 %); MOL (8,90 %); “Equinor” (8,71%); TPAO (6,53 %); “Eni” (5,00 %); “TotalEnergies” (5,00 %), “İtochu” (3,40 %); “İnpex” (2,50 %), “ExxonMobil” (2,50 %) və ONGC (BTC) Limited (2,36 %) şirkətləridir.