Bu il BTC ilə nəql edilən Türkmənistan və Qazaxıstan neftinin həcmi 5 %-ə yaxın artıb

Energetika
  • 15 oktyabr, 2024
  • 10:10
Bu il BTC ilə nəql edilən Türkmənistan və Qazaxıstan neftinin həcmi 5 %-ə yaxın artıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanın magistral neft kəmərləri ilə 28 milyon 859,8 min ton neft nəql edilib.

“Report”un Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, bu, 2023-cü ilin eyni dövrünün göstəricisinə nisbətən 3,1 % azdır.

Ötən dövr ərzində nəqletmənin 75,1 %-i Bakı-Tbilisi-Ceyhan (BTC) neft ixrac kəməri ilə həyata keçirilib.

Bu kəmər vasitəsilə 21 milyon 681,7 min ton neft ötürülüb. Bu, 2023-cü ilin 9 ayı ilə müqayisədə 3,34 % azdır.

Dövr ərzində BTC kəməri ilə nəql edilmiş neftin 81,5 %-ini və ya 17 milyon 676,3 min tonunu Azərbaycanda hasil edilən neft, 18,5 %-ini və ya 4 milyon 005,4 min tonunu isə Türkmənistan və Qazaxıstandan daxil olan neft təşkil edib. Bu dövrdə BTC kəməri ilə nəql edilmiş Azərbaycan neftinin həcmi 6,2 % azalıb, Türkmənistan və Qazaxıstandan daxil olan neftin həcmi isə 4,84 % artıb.

Xatırladaq ki, hazırda BTC boru kəməri əsasən Azərbaycandan “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokundan hasil edilən nefti və “Şahdəniz” yatağından çıxarılan kondensatı daşıyır. Bundan əlavə, BTC vasitəsilə digər xam neft və kondensat həcmləri də, o cümlədən Türkmənistan və Qazaxıstan nefti nəql olunur.

BTC Ko.-nun səhmdarları: BP (30,1 %); AzBTC (25 %); MOL (8,9 %); Ekvinor (8,71 %); TPAO (6,53 %); Eni (5 %); Total (5 %), İTOÇU (3,4 %); İNPEKS (2,5 %), “EksonMobil” (2,5 %) və ONGC (BTC) Limited (2,36 %) şirkətləridir.

Son xəbərlər

Bütün Xəbər Lenti