Bu il BTC ilə neft və kondensatın nəqli 4 %-dən çox artıb

Energetika
  • 02 noyabr, 2023
  • 10:53
Bu il BTC ilə neft və kondensatın nəqli 4 %-dən çox artıb

Bu ilin 9 ayı ərzində Ceyhan terminalından Bakı-Tbilisi-Ceyhan (BTC) vasitəsilə təqribən 23 milyon ton (təxminən 171 milyon barel) xam neft və kondensat ixrac olunub və Ceyhanda 238 tankerə yüklənib.

“Report” xəbər verir ki, bu barədə yatağın operatoru “BP-Azerbaijan” şirkətinin tərəfdaşları ilə birgə üçüncü rüb üzrə biznesə dair yaydığı məlumatda qeyd edilib.

Bildirilir ki, bu ilin üç rübü ərzində BTC ilə nəqlin həcmi illik müqayisədə 1 milyon ton və ya 4,5 % çoxdur.

Qeyd edək ki, 1 768 km uzunluğunda olan BTC boru kəməri 2006-cı ilin iyun ayında istismara veriləndən 2022-ci ilin üçüncü rübünün sonunadək bu boru kəməri vasitəsilə ümumilikdə təqribən 554 milyon tondan çox (4,2 milyard barel) xam neft nəql edilib və Ceyhanda 5 482 tankerə yüklənərək dünya bazarlarına göndərilib. BTC-nin ümumilkdə 4 milyard barel neft ixracına nail olması əlamətdar bir uğur kimi 18 yanvar 2023-cü il tarixində qeyd edilib.

Hazırda BTC boru kəməri əsasən Azərbaycandan AÇG nefti və “Şahdəniz” kondensatı daşıyır. Bundan əlavə, BTC vasitəsilə Xəzərin digər regional xam neft və kondensat həcmləri də nəql olunur.

Qeyd edək ki, BTC Ko.-nun səhmdarları BP (30,10 %); AzBTC (25,00 %); MOL (8,90 %); “Equinor” (8,71 %); TPAO (6,53 %); “Eni” (5,00 %); “Total” (5,00 %), “İtochu” (3,40 %); “İnpex” (2,50 %), “ExxonMobil” (2,50 %) və ONGC (BTC) Limited (2,36 %) şirkətləridir.

Son xəbərlər

Bütün Xəbər Lenti