Bu il Azərbaycan Avropaya qaz ixracını 12 %-dən çox artırıb

Bu il Azərbaycan Avropaya qaz ixracını 12 %-dən çox artırıb ​​​​​​​Bu ilin yanvar-iyun aylarında Azərbaycan Avropaya 6,4 milyard kubmetr təbii qaz ixrac edib
Energetika
11 İyul , 2024 11:18
Bu il Azərbaycan Avropaya qaz ixracını 12 %-dən çox artırıb

Bu ilin yanvar-iyun aylarında Azərbaycan Avropaya 6,4 milyard kubmetr təbii qaz ixrac edib.

“Report” xəbər verir ki, bu barədə Energetika Nazirliyinin 2024-cü ilin yanvar-iyun ayları üzrə açıqladığı operativ məlumatlarında deyilir.

2023-cü ilin yanvar-iyun ayları ilə müqayisədə Avropaya qaz satışı 0,7 milyard kubmetr və ya 12,3 % çoxdur.

Ümumilikdə isə bu ilin ilk yarım ilində Azərbaycandan xaricə qaz satışı 12,7 milyard kubmetr təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 6 % çoxdur.

Bu ilin yanvar-iyun aylarında Azərbaycandan Türkiyəyə 5 milyard kubmetr, Gürcüstana isə 1,3 milyard kubmetr qaz satılıb. Türkiyəyə və Gürcüstana qaz ixracı ötən ilin eyni dövrü ilə müqayisədə eyni qalıb.

Hesabat dövründə Türkiyəyə Trans-Anadolu Qaz Boru Kəməri (TANAP) ilə 2,8 milyard kubmetrə yaxın qaz nəql olunub. Bu da illik müqayisədə eynidir.

Qeyd edək ki, hazırda Azərbaycan qazının Avropanın cənubuna nəql olunduğu Cənub Qaz Dəhlizinin Avropa hissəsi olan Trans-Adriatik Qaz Boru Kəmərinin (TAP) ötürücülük qabiliyyəti ildə 12 milyard kubmetrə çatıb.

TAP-ın tikintisi 2020-ci ilin oktyabrında başa çatıb. Kəmərin ümumi uzunluğu 878 km-dir ki, bunun da 550 km-i Yunanıstanın şimal hissəsindən, 215 km-i Albaniya ərazisindən, 105 km-i Adriatik dənizinin dibi ilə, 8 km-i isə İtaliya ərazisindən keçir.

Azərbaycan qazının TAP vasitəsilə İtaliya, Yunanıstan və Bolqarıstandakı istehlakçılara tədarükü 2020-ci il dekabrın 31-dən başlayıb.

Türkiyəyə Azərbaycanın “Şahdəniz” yatağından hasil edilən təbii qaz nəql olunur. Təbii qaz həcmləri Cənubi Qafqaz Boru Kəməri (Bakı-Tbilisi-Ərzurum) və TANAP vasitəsilə Türkiyə bazarına çatdırılır. Bakı-Tbilisi-Ərzurum kəməri ilə ilk qaz Türkiyə bazarına 2007-ci ildə daxil olub. TANAP vasitəsilə Türkiyəyə kommersiya qazının nəqlinə isə 2018-ci il iyunun 30-da başlanılıb.

Son xəbərlər

Orphus sistemi