Bu il ARDNF “Şahdəniz”dən gəlirlərini 80 % artırıb

Energetika
  • 07 aprel, 2023
  • 07:18
Bu il ARDNF “Şahdəniz”dən gəlirlərini 80 % artırıb

Bu ilin yanvar-mart ayları ərzində Azərbaycan Dövlət Neft Fondu (ARDNF) Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Şahdəniz” yatağından 646,359 milyon ABŞ dolları həcmində gəlir əldə edib.

Bu barədə "Report"a Fonddan məlumat verilib.

Bildirilir ki, bu, 2022-ci ilin eyni aylraı ilə müqayisədə 287,234 milyon ABŞ dolları və ya 80 % çoxdur.

Bu ilin ilk üç ayı ərzində Neft Fonduna daxil olan vəsaitlərin 128,166 milyon ABŞ dolları kondensatın payına düşüb. Bu da 2022-ci ilin 3 aylıq dövrü ilə müqayisədə 65,672 milyon ABŞ dolları və ya 2,05 dəfə çoxdur.

Xatırladaq ki, ötən ilin yanvar-mart aylarında ARDNF-in “Şahdəniz” yatağı üzrə əldə etdiyi gəlirin həcmi 359,125 milyon ABŞ dolları təşkil edib. “Şahdəniz” yatağından çıxarılan kondensatın satışından isə 62,494 milyon ABŞ dolları məbləğində gəlir əldə edilib.

Qeyd edək ki, "Şahdəniz" perspektiv sahəsinin kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında saziş 1996-cı il iyunun 4-də imzalanıb. "Şahdəniz" üzrə hasilatın pay bölgüsü (PSA) sazişi 17 oktyabr 1996-cı ildə ratifikasiya olunub. Bakıdan 70 km cənub-şərqdə yerləşən yataq 1999-cu ildə kəşf olunub.

2013-cü il dekabrın 17-də Bakıda imzalanmış sənədlərə görə "Şahdəniz" yatağının işlənməsi ilə bağlı PSA sazişinin müddəti 2036-cı ildən 2046-cı ilədək uzadılıb.

“Şahdəniz” üzrə iştirak payları belədir: BP (operator – 29,99 %), “Lkoil” (19,99 %), TPAO (19 %), SOCAR (14,35 %), NİKO (10 %), “Cənub Qaz Dəhlizi” (6,67 %).

Son xəbərlər

Bütün Xəbər Lenti