Bu il ARDNF “Şahdəniz”dən gəlirlərini 6 %-dən çox artırıb

Energetika
  • 07 avqust, 2023
  • 07:58
Bu il ARDNF “Şahdəniz”dən gəlirlərini 6 %-dən çox artırıb

Bu ilin yanvar-iyul aylarında Azərbaycan Dövlət Neft Fondu (ARDNF) Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Şahdəniz” yatağından 1 milyard 141 milyon ABŞ dolları həcmində gəlir əldə edib.

Bu barədə "Report"a Fonddan məlumat verilib. Bu, 2022-ci ilin eyni dövrü ilə müqayisədə 69 milyon ABŞ dolları və ya 6,4 % çoxdur.

Bu ilin ilk 7 ayında Neft Fonduna daxil olan vəsaitlərin 259,6 milyon ABŞ dolları kondensatın payına düşüb. Bu da 2022-ci ilin yanvar-iyul ayları ilə müqayisədə 6,875 milyon ABŞ dolları və ya 2,7 % çoxdur.

Xatırladaq ki, ötən ilin 7 ayında ARDNF-in “Şahdəniz” yatağı üzrə əldə etdiyi gəlirin həcmi 1 milyard 072 milyon ABŞ dolları təşkil edib. Həmçinin kondensatın satışından 252,725 milyon ABŞ dolları məbləğində gəlir əldə edilib.

Qeyd edək ki, "Şahdəniz" perspektiv sahəsinin kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında saziş 1996-cı il iyunun 4-də imzalanıb. "Şahdəniz" üzrə hasilatın pay bölgüsü (PSA) sazişi 17 oktyabr 1996-cı ildə ratifikasiya olunub. Bakıdan 70 km cənub-şərqdə yerləşən yataq 1999-cu ildə kəşf olunub.

2013-cü il dekabrın 17-də Bakıda imzalanmış sənədlərə görə "Şahdəniz" yatağının işlənməsi ilə bağlı PSA sazişinin müddəti 2036-cı ildən 2046-cı ilədək uzadılıb.

“Şahdəniz” üzrə iştirak payları belədir: BP (operator – 29,99 %), “Lukoil” (19,99 %), TPAO (19 %), NİKO (10 %), “Cənub Qaz Dəhlizi” (21,02 %).

Son xəbərlər

Bütün Xəbər Lenti