Bu il AÇG üzrə əsaslı xərclər 6 %-dək azalıb
- 03 avqust, 2023
- 08:38
Bu ilin birinci yarısında Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti (ABƏŞ) Xəzərin Azərbaycan sektorunda yerləşən “Azəri-Çıraq və Dərinsulu Günəşli” (AÇG) yataqları üzrə fəaliyyətlərə təxminən 232 milyon ABŞ dolları əməliyyat məsrəfləri və 746 milyon ABŞ dollarına yaxın əsaslı məsrəflər xərcləyib.
“Report” xəbər verir ki, bu barədə blokun operatoru “BP-Azerbaijan” şirkətinin əməliyyatçılar adından bu ilin birinci yarısının nəticələri üzrə biznesə dair yaydığı məlumatda qeyd edilib.
Bu ilin birinci yarısında AÇG üzrə əməliyyat xərcləri ötən ilin müvafiq dövründən 3 milyon ABŞ dolları və ya 1,31 % çox, əsaslı xərclər isə 45 milyon ABŞ dolları və ya 5,7 % azdır.
Xatırladaq ki, AÇG Azərbaycanın ən böyük neft yatağı blokudur. Yataqlar blokunun işlənməsi üzrə hasilat bölgüsünə dair ilk müqavilə 1994-cü ilin 20 sentyabr tarixində imzalanıb. 2017-ci ilin 14 sentyabr tarixində isə həmin yataqların birgə istismarına və hasilatın pay bölgüsünə dair yeni saziş imzalanıb. Bu saziş yataqların 2049-cu ilin sonunadək işlənməsini nəzərdə tutur.
AÇG-də BP (30,37 %), SOCAR (25 %), “MOL Group” (9,57 %) INPEX (9,31 %), “Equinor” (7,27 %), “ExxonMobil” (6,79 %), TPAO (5,73 %), ITOCHU (3,65 %), “ONGC Videsh Limited” (OVL) (2,31 %) pay sahibidir.