Bu il AÇG üzrə əməliyyat xərcləri 13 %-dən çox azalıb

Energetika
  • 04 may, 2023
  • 11:20
Bu il AÇG üzrə əməliyyat xərcləri 13 %-dən çox azalıb

Bu ilin yanvar-mart aylarında Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti (ABƏŞ) Xəzərin Azərbaycan sektorunda yerləşən “Azəri-Çıraq və Dərinsulu Günəşli” (AÇG) yataqları üzrə fəaliyyətlərə təxminən 115 milyon ABŞ dolları əməliyyat məsrəfləri və 372 milyon ABŞ dollarına yaxın əsaslı məsrəflər xərcləyib.

“Report” xəbər verir ki, bu barədə blokun operatoru “BP-Azerbaijan” şirkətinin əməliyyatçılar adından bu ilin I rübü üzrə biznesə dair yaydığı məlumatda qeyd edilib.

Hesabat dövründə AÇG üzrə əməliyyat xərcləri ötən ilin müvafiq dövründən 18 milyon ABŞ dolları və ya 13,5 %, əsaslı xərclər isə 24 milyon ABŞ dolları və ya 6,4 % az olıub.

Xatırladaq ki, AÇG Azərbaycanın ən böyük neft yatağı blokudur. Yataqlar blokunun işlənməsi üzrə hasilat bölgüsünə dair ilk müqavilə 1994-cü ilin 20 sentyabr tarixində imzalanıb. 2017-ci ilin 14 sentyabr tarixində isə həmin yataqların birgə istismarına və hasilatın pay bölgüsünə dair yeni saziş imzalanıb. Bu saziş yataqların 2049-cu ilin sonunadək işlənməsini nəzərdə tutur.

AÇG-də BP (30,37 %), SOCAR (25 %), “MOL Group” (9,57 %) INPEX (9,31 %), “Equinor” (7,27 %), “ExxonMobil” (6,79 %), TPAO (5,73 %), ITOCHU (3,65 %), “ONGC Videsh Limited” (OVL) (2,31 %) pay sahibidir.

Son xəbərlər

Bütün Xəbər Lenti