BTC üzrə I rübdə əsaslı xərclər 86 %-ə yaxın artıb
- 01 may, 2025
- 14:00
Bu ilin yanvar-mart aylarında Bakı-Tbilisi-Ceyhan (BTC) əsas ixrac neft kəməri üzrə əməliyyat xərcləri 32 milyon ABŞ dolları, əsaslı xərcləri isə təqribən 13 milyon ABŞ dolları təşkil edib.
“Report” “BP-Azerbaijan” şirkətinin hesabatına əsasən xəbər verir ki, 2024-cü ilin birinci rübü ilə müqayisədə BTC-nin əməliyyat xərcləri 1 milyon ABŞ dolları və ya 3,03 % azalıb, əsaslı xərcləri isə 6 milyon ABŞ dolları və ya 85,7 % artıb.
Bildirilir ki, 1 768 km uzunluğunda olan BTC boru kəməri 2006-cı ilin iyun ayında istismara veriləndən 2025-cü ilin birinci rübünün sonunadək bu boru kəməri vasitəsilə ümumilikdə 598 milyon ton (4,5 milyard barel) xam neft nəql edilib və Ceyhanda 5 932 tankerə yüklənərək dünya bazarlarına göndərilib.
Bu ilin birinci rübündə BTC vasitəsilə ixrac olunmuş təqribən 7 milyon tondan artıq (təqribən 54 milyon barel) xam neft və kondensat 70 tankerə yüklənib və yola salınıb. BTC ilə nəqlin həcmi illik müqayisədə demək olar dəyişməyərək, eyni səviyyədə qalıb.
Hazırda BTC boru kəməri əsasən Azərbaycandan AÇG nefti və “Şahdəniz” kondensatı daşıyır. Bundan əlavə, BTC vasitəsilə Xəzərin digər regional xam neft və kondensat həcmləri (Qazaxıstan və Türkmənistan, Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) AÇG-dən kənar hasilat həcmləri) də nəql olunur.
Qeyd edək ki, BTC Ko.-nun səhmdarları BP (30,1 %); SOCAR (32,97 %); MOL (8,9 %), TPAO (6,53 %); “Eni” (5 %); “TotalEnergies” (5 %), “İtochu” (3,4 %); “İnpex” (2,5 %), “ExxonMobil” (2,5 %) və ONGC (BTC) Limited (3,1 %) şirkətləridir.