BTC kəməri ilə nəql edilən tranzit neftinin həcmi 17 %-dən çox azalıb

Energetika
  • 19 oktyabr, 2021
  • 09:45
BTC kəməri ilə nəql edilən tranzit neftinin həcmi 17 %-dən çox azalıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanın magistral neft kəmərləri ilə 26 milyon 170,6 min ton neft nəql edilib.

“Report”un Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 1,53 % azdır.

Bu ilin 9 ayı ərzində nəqletmənin 74,8 %-i Bakı-Tbilisi-Ceyhan (BTC) neft ixrac kəməri ilə həyata keçirilib.

Hesabat dövründə BTC vasitəsilə 19 milyon 566,4 min ton neft ötürülüb. Bu isə ötən ilin müvafiq ayları ilə müqayisədə 7,47 % azdır.

Bu dövr ərzində BTC kəməri ilə 2 milyon 522,1 min ton tranzit nefti də nəql edilib ki, bu da 2020-ci ilin yanvar-sentyabr ayları ilə müqayisədə 17,4 % azdır.

Xatırladaq ki, Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan Əsas İxrac Boru Kəməri (BTC) "Əsrin müqaviləsi" çərçivəsində Xəzər dənizinin Azərbaycan sektorunda hasil olunacaq xam neftin dünya bazarına çıxışını təmin etmək üçün inşa edilmiş boru nəqliyyat vasitəsidir. Kəmərin uzunluğu 1 767 kilometrdir. Onun 443 km-i Azərbaycanın, 248 km-i Gürcüstanın, 1 076 km-i isə Türkiyənin ərazisindən keçir. Kəmərin istismar müddətinin 40 il, orta ötürücülük qabiliyyətinin gündə 1 milyon barel olması nəzərdə tutulub.

Azərbaycan Dövlət Neft Şirkəti BTC layihəsində iştirak etmək məqsədi ilə "AzBTC Co." törəmə şirkətini yaratmışdır. Bu şirkət layihənin iştirakçıları olan neft şirkətlərinin konsorsiumu tərəfindən yaradılmış "BTC Company" şirkətində 25 %-lik paya malikdir. "AzBTC Co." şirkəti daxil olmaqla, layihənin bütün iştirakçıları layihənin dəyərinin 30 %-lik hissəsini öz vəsaitləri hesabına, qalan 70 %-lik hissəsini isə beynəlxalq maliyyə institutlarından, ixrac kredit agentliklərindən və kommersiya banklarından cəlb edilmiş kredit vəsaitləri hesabına maliyyələşdirirlər. Azərbaycan dövləti adından Azərbaycan "BTC Co." şirkətindəki 80 %-lik payın təmsilçisi kimi İqtisadiyyat Nazirliyi çıxış edir.

Son xəbərlər

Bütün Xəbər Lenti