BTC kəməri ilə nəql edilən neftin həcmi açıqlanıb
- 15 iyul, 2024
- 07:05
Bu ilin yanvar-iyun aylarında Azərbaycanın magistral neft kəmərləri ilə 19 milyon 238,6 min ton neft nəql edilib.
“Report”un Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, bu, 2023-cü ilin yanvar-iyun aylarının göstəricisinə nisbətən 2,1 % azdır.
Ötən yarım il ərzində nəqletmənin 75,2 %-i Bakı-Tbilisi-Ceyhan (BTC) neft ixrac kəməri ilə həyata keçirilib.
Bu ilin yanvar-iyun aylarında bu kəmər vasitəsilə 14 milyon 468,7 min ton neft ötürülüb. Bu, 2023-cü ilin yarım ili ilə müqayisədə 3,7 % azdır.
Dövr ərzində BTC kəməri ilə nəql edilmiş neftin 81,4 %-ini və ya 11 milyon 773,9 min tonunu Azərbaycanda hasil edilən neft, 18,6 %-ini və ya 2 milyon 694,8 min tonunu isə Türkmənistan və Qazaxıstandan daxil olan neft təşkil edib. Bu dövrdə BTC kəməri ilə nəql edilmiş Azərbaycan neftinin həcmi 6,3 % azalıb, Türkmənistan və Qazaxıstandan daxil olan neftin həcmi isə 9,8 % artıb.
Xatırladaq ki, hazırda BTC boru kəməri əsasən Azərbaycandan “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokundan hasil edilən nefti və “Şahdəniz” yatağından çıxarılan kondensatı daşıyır. Bundan əlavə, BTC vasitəsilə digər xam neft və kondensat həcmləri də, o cümlədən Türkmənistan və Qazaxıstan nefti nəql olunur.
BTC Ko.-nun səhmdarları: BP (30,1 %); AzBTC (25 %); MOL (8,9 %); Ekvinor (8,71 %); TPAO (6,53 %); Eni (5 %); Total (5 %), İTOÇU (3,4 %); İNPEKS (2,5 %), “EksonMobil” (2,5 %) və ONGC (BTC) Limited (2,36 %) şirkətləridir.