BP və tərəfdaşları Azərbaycanın İT bazarının inkişafına dəstək lahiyəsini yekunlaşdırıb

BP və tərəfdaşları Azərbaycanın İT bazarının inkişafına dəstək lahiyəsini yekunlaşdırıb Bu gün BP və onun "Azəri-Çıraq-Günəşli", "Bakı-Tbilisi-Ceyhan", "Şahdəniz" və "Cənubi Qafqaz Boru Kəməri" layihələrindəki tərəfdaşları 2020-ci ildə qoşulduqları ABB Tech Akademiyası layihəsini tamamlayıb. "Report" xəbər verir ki, layihə çərçivəsində iq
Energetika
22 İyul , 2022 16:45
BP və tərəfdaşları Azərbaycanın İT bazarının inkişafına dəstək lahiyəsini yekunlaşdırıb

Bu gün BP və onun "Azəri-Çıraq-Günəşli", "Bakı-Tbilisi-Ceyhan", "Şahdəniz" və "Cənubi Qafqaz Boru Kəməri" layihələrindəki tərəfdaşları 2020-ci ildə qoşulduqları ABB Tech Akademiyası layihəsini tamamlayıb.

"Report" xəbər verir ki, layihə çərçivəsində iqtisadiyyatın müxtəlif sektorlarından ümumilikdə 208 nəfərə təlim verilməklə onların informasiya texnologiyaları (İT) sahəsindəki səriştələri, ümumi texnoloji bilik və bacarıqları inkişaf etdirilib ki, bu da onların sürətlə dəyişən texnologiya dünyası ilə ayaqlaşmalarına imkan yaradır. Bu iştirakçılardan 150 nəfərinin təlimi BP və onun tərəfdaşları və ABB tərəfindən birgə maliyyələşdirilib.

Layihə müddəti ərzində 50-dən çox yerli və beynəlxalq təşkilatı, o cümlədən ABB-ni və Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Bakı Mühəndislik Universiteti, Bakı Ali Neft Məktəbi, UNEC və s. kimi müxtəlif universitetləri təmsil edən iştirakçıları əhatə etməklə ümumilikdə doqquz qrup təklif olunub.

ABB-nin təşəbbüsü ilə həyata keçirilən bu layihənin məqsədi innovativ düşünəcək, gələcəyin texnologiyalarına doğru səyləri istiqamətləndirəcək və texnoloji sıçrayışlara töhfə verəcək yeni nəsil mütəxəssislər yetişdirməklə yerli İT bazarının inkişafına dəstək verməkdir.

BP-nin Xəzər regionunda kommunikasiya və xarici əlaqələr üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli deyib: “Bu layihə bizim ən çox sevdiyimiz layihələrdən biridir, çünki o, BP və tərəfdaşlarının Azərbaycanda ümumi potensialın gücləndirilməsinə dəstək vermək öhdəliyinə tam uyğun gəlir. Layihə həmçinin BP-nin öz rəqəmsal transformasiya səylərinə də uyğundur. BP-də “xalis sıfır” emissiya məqsədlərimizə nail olmaq və inteqrasiyalı enerji şirkətinə çevrilmək üçün gördüyümüz hər bir işin əsasını innovasiya və rəqəmsal həllər təşkil edir.

Biz ABB-yə bu möhtəşəm təşəbbüsə qoşulmaq üçün imkan yaratdığına görə təşəkkür etmək istəyirik və inanırıq ki, bu təşəbbüs ölkənin Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq üçün göstərdiyi səyləri dəstəkləyən yüksək ixtisaslı rəqəmsal texnologiya mütəxəssislərinə olan tələbatı ödəməyə kömək edəcək”.

ABB-nin İdarə Heyətinin sədri Abbas İbrahimov bildirib: “Ölkəmiz üçün yüksək ixtisaslı mütəxəssislərin hazırlanmasına dəstəyimizlə cəmiyyətimizin inkişafına töhfə verməyə çalışırıq və korporativ dəyərlərimizə sadiqlik göstəririk.

ABB Tech Akademiyası ABB-nin hər zaman qürur duyacağı layihələrdən olacaq. Çünki bu Akademiya yüzlərlə Azərbaycan gəncinin uğur yolunun başlanğıcına çevrilib. Sürətlə rəqəmsallaşan biznesin ehtiyacları üçün burada peşəkar kadrlar yetişdirilərək əmək bazarına təqdim olunur. Tərəfdaşlarımızla birgə burada təhsil imkanlarını bütün istedadlı gənclərimiz üçün əlçatan edirik. İştirakları ilə bu layihəyə xüsusi dəyər qatdıqlarına görə bp və tərəfdaşlarına minnətdarlığımızı bildirirəm”.

ABB Tech Akademiyası İT peşəkarlarının təlim mərkəzi olan «DAN IT education» tərəfindən hazırlanmış metodologiyaya əsaslanır və kodlaşdırmanın əsas sahələrini əhatə edən intensiv təlim proqramları təqdim edir. Təhsil proqramı İsrailin İT mütəxəssisləri üçün təlim metodu (Telem) əsasında hazırlanıb.

Layihənin ümumi dəyəri 400 min manat (235,3 min ABŞ dolları) təşkil edir. Bu məbləğin 200 min manatı BP və tərəfdaşları tərəfindən təmin olunub və qalan 200 min manat isə ABB tərəfindən maliyyələşdirilib.

Son xəbərlər

Orphus sistemi