BP profilaktik işlərlə əlaqədar “Şahdəniz”də qaz hasilatını azaldacaq

BP profilaktik işlərlə əlaqədar “Şahdəniz”də qaz hasilatını azaldacaq BP şirkəti (“Şahdəniz” layihəsinin texniki operatoru) 5-9 avqust tarixlərində yataqda qaz hasilatını azaldacaq.
Energetika
31 İyul , 2024 15:48
BP profilaktik işlərlə əlaqədar “Şahdəniz”də qaz hasilatını azaldacaq

BP şirkəti (“Şahdəniz” layihəsinin texniki operatoru) 5-9 avqust tarixlərində yataqda qaz hasilatını azaldacaq.

Bu barədə “Report”a “BP-Azərbaycan” şirkətinin ictimaiyyətlə əlaqələr üzrə meneceri Tamam Bayatlı məlumat verib.

“İxrac qaz kəmərlərində planlaşdırılan profilaktik işlərlə əlaqədar avqustun 5-dən 9-dək “Şahdəniz” yatağında qaz hasilatı tələb olunan səviyyəyə qədər azaldılacaq”, - T. Bayatlı bildirib.

Daha əvvəl "BOTAŞ”ın yaydığı məlumata görə, “Şahdəniz” yatağından qaz ixracı üçün nəzərdə tutulan qazpaylayıcı sistemdə planlaşdırılan texniki xidmət və təmir işləri ilə əlaqədar olaraq Türkiyənin milli qaz paylama şəbəkəsinə "Türkgözü" giriş nöqtəsindən beş gün ərzində - 31 iyul - 5 avqust tarixlərində, Trans-Anadolu Qaz Boru Kəmərinin (TANAP) “Seyitqazi” giriş nöqtəsindən isə dörd gün ərzində - 5-9 avqust tarixlərində təbii qazın verilməsi dayandırılacaq.

Trans-Adriatik qaz boru kəmərinin operatoru olan “TAP AG” şirkətindən bildirilib ki, 5-9 avqust tarixlərində xəttin yuxarı hissəsində Cənub Qaz Dəhlizi boyunca texniki xidmət işləri planlaşdırılıb.

"TAP-ın nəqliyyat sistemləri və gücü tamamilə əlçatan qalsa da, TAP-a Kipoy birləşmə nöqtəsindən daxil olan qaz axınları azalacaq və bu, qaz nəqli sistemləri (Komotini, Nea Mesimvria və Melenduqno) ilə bütün birləşmə nöqtələrində qaz tədarükünə təsir göstərə bilər.

"TAP qonşu ölkələrin qazpaylayıcı sistemlərinin operatorlarını bununla bağlı məlumatlandırıb və Avropa bazarı üçün təcili məlumat yayıb. Bu planlı təmir işləri başa çatdıqdan sonra normal xidmətin bərpa olunacağını gözləyirik", – şirkətdən bildirilib.

Xatırladaq ki, “Şahdəniz” yatağının işlənməsinin 1-ci mərhələsi və 2-ci mərhələsi çərçivəsində hasil edilən Azərbaycan qazı Türkiyəyə tədarük edilir.

"Şahdəniz" perspektiv sahəsinin kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında saziş 1996-cı il iyunun 4-də imzalanıb. "Şahdəniz" üzrə hasilatın pay bölgüsü (PSA) sazişi 17 oktyabr 1996-cı ildə ratifikasiya olunub. Bakıdan 70 km cənub-şərqdə yerləşən yataq 1999-cu ildə kəşf olunub.

Son xəbərlər

Orphus sistemi