BP-nin dövlət ödənişlərinin yarıdan çoxu Azərbaycanın payına düşür

Energetika
  • 27 iyun, 2022
  • 13:46
BP-nin dövlət ödənişlərinin yarıdan çoxu Azərbaycanın payına düşür

2021-ci ildə Böyük Britaniyanın BP şirkəti hökumətə 19,725 milyard ABŞ dolları qlobal ödənişi edib. Bunun 54 %-i Azərbaycanın payına düşüb.

“Report” xəbər verir ki, bu barədə BP-nin Böyük Britaniyanın qaydalarına uyğun olaraq yaydığı məlumatında deyilir.

Qeyd edək ki, ödənişlərlə bağlı məlumatların açıqlanması hasilat hüquqları, vergiləri, royaltini, rüsumları, bonusları və infrastrukturun yaxşılaşdırılmasını əhatə edir.

BP-nin Azərbaycan hökumətinə ödənişləri 10,59 milyard ABŞ dolları təşkil edib ki, bunun da 9,96 milyard ABŞ dolları hasilat haqlarının payına düşür.

Bundan başqa, Böyük Britaniyanın enerji şirkəti Azərbaycana 171,7 milyon ABŞ dolları vergi, 2,8 milyon ABŞ dolları rüsum və 451 milyon ABŞ dolları bonus ödənişləri təşkil edib. 

Xatırladaq ki, BP Azərbaycanın flaqman neft layihəsi – “Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” qaz-kondensat yataqlarının operatorudur. Üstəlik, şirkət bu yataqlardan hasil edilən enerji resurslarını dünya bazarına çatdıran neft-qaz kəmərlərində paya malikdir. O, həmçinin ölkədə müxtəlif geokəşfiyyat layihələrində iştirak edir.

Bu arada, BP 3,23 milyard ABŞ dolları BƏƏ-yə, 1,68 milyard ABŞ dolları Omana, 1,51 milyard ABŞ dolları Anqolaya və 1,07 milyard ABŞ dolları ABŞ-a dövlət ödənişi edib. Beynəlxalq enerji şirkəti Böyük Britaniyaya cəmi 127 milyon ABŞ dolları ödəniş həyata keçirib.

Ötən ilin sonunda BP Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Şahdəniz” qaz-kondensat yatağının işlənməsi layihəsində payının artırıldığı barədə məlumat vermişdi. Bununla bağlı sövdələşmə 2022-ci ilin əvvəlində əldə edilib. Nəticədə BP “Petronas” şirkətinin 1,16 %-lik payını 168 milyon ABŞ dollarına alıb. Beləliklə, BP-nin layihədəki payı 29,99 %-ə yüksəlib. Bununla o, layihədə operatorluğunu saxlayıb.

Xatırladaq ki, 2010-cu ildə BP “Devon Energy”dən “Azəri-Çıraq-Günəşli” neft yataqları blokunda əlavə pay alıb. O vaxt Böyük Britaniya şirkəti layihədəki payını 3,29 % artıraraq 37,43 %-ə çatdırıb.

Bundan əlavə, BP Azərbaycanda digər neft və qaz hasilatı müqavilələrində də iştirak edir. Eyni zamanda, şirkət Bakı-Tbilisi-Ceyhan Əsas İxrac Boru Kəmərinin operatorudur. O, “İnam” neft-qaz yatağının işlənməsi layihəsində 25 %, “Araz-Alov-Şərq” layihəsində 15 % və “Bakı-Tbilisi-Ceyhan” kəməri layihəsində 30,37 % paya malikdir.

Trans-Adriatik qaz kəməri layihəsində BP-nin payı 20 %, Trans-Anadolu Boru Kəməri layihəsində - 12 %, Cənubi Qafqaz Qaz Boru Kəməri (Bakı-Tbilisi-Ərzurum) layihəsində isə 28,8 % təşkil edir.

Son xəbərlər

Bütün Xəbər Lenti