BP I rübdə AÇG-də hasilatla bağlı vəziyyəti açıqlayıb
- 10 may, 2024
- 08:44
Bu ilin yanvar-mart aylarında Xəzərin Azərbaycan sektorunda yerləşən “Azəri-Çıraq və Dərinsulu Günəşli” (AÇG) yataqlar blokunda gündəlik orta hesabla 339 min barel və ya ümumilikdə təxminən 31 milyon barel, yəni 4 milyon ton hasil edilib.
“Report” xəbər verir ki, bu barədə blokun operatoru “BP-Azerbaijan” şirkətinin tərəfdaşlarla birgə bu ilin I rübü üzrə biznesə dair yaydığı məlumatda qeyd edilib.
AÇG-də hasilat “Çıraq” (21 min barel), “Mərkəzi Azəri” (92 min barel), “Qərbi Azəri” (79 min barel), “Şərqi Azəri” (53 min barel), “Dərinsulu Günəşli” (63 min barel) və “Qərbi Çıraq” (31 min barel) platformalarından aparılıb.
AÇG-dən hasilatın həcmi 2023-cü ilin müvafiq dövründən gündəlik 47 min barel və ya ümumilikdə təxminən 4 milyon barel (20 %) azdır.
Rübün sonunda AÇG-də ümumilikdə 139 neft hasilat quyusu, 43 su injektor quyusu və 8 qaz injektor quyusu istismarda olub.
Hesabat dövründə AÇG-də 3 neft hasilatı və 1 su injektor quyusu tamamlanıb.
Xatırladaq ki, AÇG Azərbaycanın ən böyük neft yatağı blokudur. Yataqlar blokunun işlənməsi üzrə hasilat bölgüsünə dair ilk müqavilə 1994-cü ilin 20 sentyabr tarixində imzalanıb. 2017-ci ilin 14 sentyabr tarixində isə həmin yataqların birgə istismarına və hasilatın pay bölgüsünə dair yeni saziş imzalanıb. Bu saziş yataqların 2049-cu ilin sonunadək işlənməsini nəzərdə tutur.
AÇG-də BP (30,37 %), SOCAR (25 %), “MOL Group” (9,57 %) INPEX (9,31 %), “Equinor” (7,27 %), “ExxonMobil” (6,79 %), TPAO (5,73 %), ITOCHU (3,65 %), “ONGC Videsh Limited” (OVL) (2,31 %) pay sahibidir.