BP I rübdə AÇG blokundan 29 milyon barel neft hasil edib
- 01 may, 2026
- 13:14
2026-cı ilin birinci rübündə "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar blokundan 29 milyon barel və ya 4 milyon ton neft hasil edilib.
Bu barədə "Report" layihənin operatoru olan "BP-Azerbaijan" şirkətinin məlumatına istinadən xəbər verir.
Xatırladaq ki, 2025-ci ilin yanvar-mart aylarında bu müqavilə sahəsindən ümumilikdə 30 milyon barel neft hasil edilib. Beləliklə, cari ilin yanvar-mart aylarında bu göstərici 3,3 % azalıb.
Bu ilin yanvar-mart aylarında gündəlik neft hasilatı orta hesabla 325 min barel təşkil edib (bir il əvvəl - 331 min barel). "Çıraq" platformasından gündəlik orta hesabla 19,5 min bafel (21 min barel), "Mərkəzi Azəri" platformasından 89,8 min barel (87 min barel), "Qərbi Azəri" platformasından 74,8 min barel (76 min barel), "Şərqi Azəri" platformasından 43,9 min barel (43 min barel), "Dərinsulu Günəşli" platformasından 47,7 min barel (54 min barel), "Qərbi Çıraq" platformasından 22,6 min barel (25 min barel), "Mərkəzi Şərqi Azəri" platformasından isə 26,7 min barel (25 min barel) neft hasil edilib.
Birinci rübdə AÇG layihəsi üzrə xərclər 35,8 % artaraq 497 milyon ABŞ dollarına çatıb, əməliyyat xərcləri 134 milyon ABŞ dolları (artım 16,5 % artım), əsaslı xərclər isə 363 milyon ABŞ dolları (artım 44,6 %) təşkil edib.
Şirkətin məlumatına görə, hesabat dövründə müqavilə blokunda 2 neft hasilat quyusu, 3 su injektor quyusu və 1 qaz injektor quyusu qazılıb. Martın sonuna olan vəziyyətə görə, AÇG-də ümumilikdə 149 neft hasilat quyusu, 50 su injektor quyusu və 11 qaz injektor quyusu istismarda olub.