Bəxtiyar Aslanbəyli: "Cəbrayılda GES-in tikintisinə bu il başlanacaq"

Bəxtiyar Aslanbəyli: "Cəbrayılda GES-in tikintisinə bu il başlanacaq" Cəbrayıl rayonunda "Şəfəq" Günəş Elektrik Stansiyasının (GES) fiziki tikintisinə cari ildə başlanacaq.
Energetika
24 Yanvar , 2025 13:29
Bəxtiyar Aslanbəyli: Cəbrayılda GES-in tikintisinə bu il başlanacaq
Bəxtiyar Aslanbəyli

Cəbrayıl rayonunda "Şəfəq" Günəş Elektrik Stansiyasının (GES) fiziki tikintisinə cari ildə başlanacaq.

“Report” xəbər verir ki, bu barədə jurnalistlərə BP-nin Xəzər regionu üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli bildirib.

"2024-cü ilin noyabrında COP29 iqlim konfransı çərçivəsində “Şəfəq” GES-in tikintisi layihəsinin həyata keçirilməsi üçün investisiya sazişi imzalanıb. Gələcək stansiyanın ərazisinin minalardan təmizlənməsi artıq başa çatıb, sertifikatlaşdırma prosesi qalıb. Layihənin texniki-iqtisadi əsaslandırması da artıq hazırdır. Bu il stansiyanın tikintisi üzrə yekun investisiya qərarının qəbul edilməsi gözlənilir", - B.Aslanbəyli qeyd edib.

O bildirib ki, yekun investisiya qərarından (Final Investment Decision) sonra podrat müqavilələr (EPC) bağlanacaq, avadanlıq seçiləcək və bundan asılı olaraq stansiyanın tikinti müddətləri müəyyən ediləcək.

Xatırladaq ki, 2024-cü il noyabrın 12-də Cəbrayıl rayonunda 240 MVt gücündə "Şəfəq" Günəş Elektrik Stansiyasının təməlqoyma mərasimi keçirilib. Bu layihə işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən ilk sənaye miqyaslı günəş enerjisi layihəsi olmaqla yanaşı, həmin ərazilərdəki ən böyük birbaşa xarici investisiya layihəsidir.

Layihə, 3 iyun 2021-ci il tarixində Energetika Nazirliyi ilə BP arasında imzalanmış İcra Müqaviləsi əsasında həyata keçirilir. Təməlqoyma mərasimində "Şəfəq Solar Limited” şirkəti ilə Azərbaycan hökuməti İnvestisiya Müqaviləsini, Energetika Nazirliyi isə Torpaq İcarəsi Müqaviləsini imzalayıblar.

"Şəfəq" GES ildə təxminən 500 milyon kVt/saat elektrik enerjisi istehsal edəcək. Bu da ildə 120-150 milyon kubmetr təbii qaza qənaət və karbon emissiyalarının 260-330 min ton azaldılması deməkdir.

"Şəfəq" GES-in səhmdarları BP, SOCAR və "Azərbaycan İnvestisiya Şirkəti"dir. Layihəyə təxminən 200 milyon ABŞ dolları investisiya yatırılması planlaşdırılır.

Son xəbərlər

Orphus sistemi