Bakı-Tbilisi-Ərzurum boru kəməri ilə nəqletmə 6 %-dən çox artıb
- 13 iyul, 2023
- 08:09
Bu ilin yanvar-iyun aylarında Azərbaycanın magistral qaz kəmərləri ilə 20 milyard 796,5 milyon kubmetr qaz nəql edilib.
“Report”un Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 4,5 % çoxdur.
Hesabat dövründə qaz nəqlinin 52,5 %-i Bakı-Tbilisi-Ərzurum Cənubi Qafqaz boru kəməri vasitəsilə həyata keçirilib.
Bu kəmərlə 10 milyard 915,1 milyon kubmetr qaz ötürülüb. Bu, 2022-ci ilin yanvar-iyun ayları ilə müqayisədə 6,2 % çoxdur.
Cənubi Qafqaz boru kəməri ilə Xəzərin Azərbaycan sektorunda yerləşən “Şahdəniz” qaz-kondensat yatağından hasil edilən qaz Azərbaycana, Gürcüstana və Türkiyəyə çatdırılır. Cənubi Qafqaz Boru Kəməri 2006-cı ilin sonlarında istismara verilib və "Şahdəniz" yatağının I mərhələsi çərçivəsində hasil edilən qaz nəql edilməyə başlanıb. 2018-ci ilin yayından isə "Şahdəniz" yatağının ikinci mərhələsi çərçivəsində hasil edilən qazın genişləndirilmiş Cənubi Qafqaz Boru Kəməri ilə Türkiyəyə - TANAP kəmərinə təhvil verilməsinə başlanılıb.