“Azərişıq” sənədsiz evlərlə bağlı ƏMDK ilə danışıqlar aparır

Energetika
  • 25 yanvar, 2018
  • 08:19
“Azərişıq” sənədsiz evlərlə bağlı ƏMDK ilə danışıqlar aparır
"Azərişıq" ASC rəsmisi Elsevər Rüstəmov
Report/ Firi Salim

Bakı. 25 yanvar. REPORT.AZ/ Təkcə 2017-ci ildə Azərbaycanda 33 min abunəçi elektrik enerjisi şəbəkəsinə qoşulmaq üçün "Azərişıq" ASC-yə müraciət edib. 

“Report” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında səhmdar cəmiyyətin rəsmisi Elsevər Rüstəmov deyib.

Onun sözlərinə görə, həmin müraciətlərin 30 mini müsbət cavablandırılıb. 

“Bu müraciətlərdən təxminən 1 000-i qeyri-əhali qrupuna daxil olan abunəçilərə məxsusdur", - o qeyd edib. 

E.Rüstəmov imtinaların səbəblərini də açıqlayıb: "Abunəçilərin 1 uçot nöqtəsi olduğu halda ödəmədən yayınmaq üçün 2-ci uçot nöqtəsi axtarır. Bu zaman isə biz imtina edirik. Həmin 3 min imtinanın da əksəriyyəti bununla bağlıdır".

"Azərişıq" təmsilçisi həmçinin əlavə edib ki, təmsil etdiyi qurum sənədsiz evlərlə bağlı Əmlak Məsələləri üzrə Dövlət Komitəsi (ƏMDK) ilə danışıqlar aparır: “Bildiyiniz kimi, ƏMDK sənədsiz evlərlə bağlı layihə həyata keçirir. Komitə bizə hər hansı arayış verməklə biz həmin tikilini elektrik enerjisi ilə təmin edəcəyik. Hazırda bu istiqamətdə danışıqlar davam etdirilir”.