Bu il qaz təsərrüfatı ilə bağlı ən geniş təmir işlərinin icrası Bakının Xəzər rayonu ərazisində həyata keçirilməkdədir.
“Report”un məlumatına görə, bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin Bakı Regional Qaz İstismarı departamentinin rəisi Rauf Əhmədov bu gün keçirilən “Açıq qapı” aksiyasında bildirib.
Onun sözlərinə görə, ilin yeni başlamasına baxmayaraq həmin rayonda 4 istiqamət üzrə işlər artıq yekunlaşıb: “Yanvar ayı başlanadan Bakı şəhərinin bütün rayonlarında təmir planının icrası ilə bağlı işlərə start verilib. Ən geniş işlərin icrası Xəzər rayonunda həyata keçirilməkdədir. Hazırda Xəzər rayonunda əlavə olaraq şəbəkənin gücləndirilməsi ilə bağlı yeni xətlərin çəkilib istismara verilməsi istiqamətində işlər gedir. Nəzərə almaq lazımdır ki, Xəzər rayonu Sabunçu və Abşeron rayonları ilə yanaşı abonent artımında böyük paya malikdir. Belə ki, ötən il Bakı şəhəri və Abreron rayonu üzrə yeni qeydiyyata alınan 42 min abonentin 21 mini məhz bu üç rayonun payına düşüb”.
Qurumun mətbuat xidmətinin rəhbəri Eldəniz Vəliyev bildirib ki, "Azəriqaz" abonentlərə satdığı mavi yanacaqdan başqa heç bir xidmətə görə ödəniş tələb etmir:
"İstər sayğaclar istərsə də digər xidmətlərin hər biri ödənişsiz olaraq həyata keçirilir. Artıq yeni tətdiq olunacaq sayğacların üzərində pulsuz olduqları yazılacaq. Söhbət əhali koteqoriyası üçün nəzərdə tutulan J4 və J6 tipli sayğaclardan gedir”.