Azərbaycanın neft koksunun ixracından qazancı 3 dəfə artıb

Energetika
  • 17 iyul, 2025
  • 10:30
Azərbaycanın neft koksunun ixracından qazancı 3 dəfə artıb

Bu ilin I yarısında Azərbaycan gömrük bəyannamələrinə əsasən, 98 min 866 ton neft koksu ixrac edib.

“Report”un Dövlət Gömrük Komitəsinə istinadən verdiyi xəbərə görə, bu həcmdə neft koksunun dəyəri 31 milyon 158,55 min ABŞ dolları təşkil edib.

Bu, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 16,8 % az və 3,1 dəfə çoxdur.

Yanvar-iyun aylarında neft koksunun ölkənin ümumi ixracında payı 0,2 % olub.

6 ay ərzində Azərbaycan xarici ölkələrlə 24 milyard 400 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Xarici ticarət dövriyyəsinin 12 milyard 878 milyon ABŞ dolları ixracın, 11 milyard 522 milyon ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 0,2 % az, idxal isə 29,9 % artıb.

Xatırladaq ki, SOCAR-ın Heydər Əliyev adına NEZ-i regionumuzun yeganə neft emalı müəssisəsi olaraq, Azərbaycanın Ai-92, dizel və təyyarə yanacağı kimi yanacaq məhsulları ilə təmin etməklə yanaşı, SOCAR-ın Azərbaycandakı neft-kimya müəssisələrini də xammal ilə təchiz edir. Zavodda istehsal edilən məhsulun bir qismi isə ixrac olunur. NEZ-in istehsal gücünün artırılması, ölkənin "Avro-5" standartına uyğun olan yüksək keyfiyyətli yanacaqla təmin edilməsi, “Azərikimya” İB-nin sabit xammal təchizatı və neft məhsullarının ixrac potensialının yüksəldilməsi məqsədi ilə həyata keçirilən modernizasiya və yenidənqurma işləri ölkə sənayesi üçün mühüm əhəmiyyət daşıyır.

Son xəbərlər

Bütün Xəbər Lenti