Azərbaycanın karbamid ixracından gəliri təxminən 11 % artıb
- 29 fevral, 2024
- 08:41
Bu ilin yanvar ayında Azərbaycan 10,4 milyon ABŞ dolları dəyərində karbamid ixrac edib.
“Report”un məlumatına görə, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın fevral sayında bildirilir.
Bu, 2023-cü ilin ilk ayının göstəricisi ilə müqayisədə 1 milyon ABŞ dolları və ya 10,64 % çoxdur.
Qeyd edək ki, bu ilin yanvar ayı ərzində Azərbaycanın ümumi ixracı 1,8 milyard ABŞ dolları, qeyri-neft sektoru üzrə ixrac isə 222 milyon ABŞ dolları təşkil edib.
Xatırladaq ki, karbamid (azot gübrəsi) Sumqayıt Kimya Sənaye Parkının ərazisindəki “SOCAR Karbamid” zavodunda istehsal edilir. Zavod 2019-cu il yanvarın 16-da istifadəyə verilib, il ərzində 435 milyon kubmetr təbii qazdan xammal kimi istifadə etməklə 650-660 min ton karbamid istehsal etmək gücündədir. İstehsal həcminin 70 %-i ixrac üçün nəzərdə tutulub.