Azərbaycanda 9 ayda 4,2 milyard kVt/saat "yaşıl enerji" istehsal edilib
- 14 oktyabr, 2026
- 10:22
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda elektrik enerjisinin istehsalı 21 milyard 190,9 milyon kVt/saat olub.
Bu barədə "Report" Energetika Nazirliyinin yanvar-sentyabr ayları üzrə açıqladığı operativ məlumatlara istibadən xəbər verir.
Bu dövrdə İstilik Elektrik Stansiyalarında (İES) 16 milyard 960 milyon kVt/saat, Su Elektrik Sttansiyalarında (SES) 2 milyard 767,1 milyon kVt/saat, digər mənbələr üzrə isə 1 milyard 463,8 milyon kVt/saat, o cümlədən külək elektrik stansiyalarında 768,7 milyon kVt/saat, günəş elektrik stansiyalarında 501,5 milyon kVt/saat, Bərk Məişət Tullantılarının Yandırılması Zavodunda (BMTYZ) isə 193,6 milyon kVt/saat elektrik enerjisi istehsal edilib.
9 ay ərzində 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə elektrik enerjisi istehsalı su elektrik stansiyalarında 352,8 milyon kVt/saat, külək elektrik stansiyalarında 698,4 milyon kVt/saat, BMTYZ üzrə isə 10,2 milyon kVt/saat artıb. Ümumilikdə SES-lər də daxil olmaqla bərpa olunan enerji mənbələri üzrə elektrik enerjisi istehsalı 1051,9 milyon kVt/saat artımla 4 milyard 230,9 milyon kVt/saat təşkil edib.
Yanvar-sentyabr ayları üzrə elektrik enerjisinin istehsalı "AzərEnerji" ASC üzrə 18 milyard 233,4 milyon kVt/saat (İES-lərdə 15 milyard 434,8 milyon kVt/saat, SES-lərdə 2 milyard 753,1 milyon kVt/saat, Günəş Elektrik Stansiyalarında (GES) 45,5 milyon kVt/saat), müstəqil elektrik stansiyaları üzrə isə 2 milyard 957,5 milyon kVt/saat təşkil edib.
Hesabat dövründə elektrik enerjisinin ixracı 301,6 milyon kVt/saat, idxalı isə 170,6 milyon kVt/saat olub.