Azərbaycanda günəş elektrik enerjisinin istehsalı 10 %-ə yaxın artıb
- 17 mart, 2023
- 10:14
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar-fevral ayları ərzində Azərbaycanda 8,2 milyon kVt/saat günəş enerjisi istehsal olunub.
“Report”un Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, bu, bir il əvvəlki göstərici ilə müqayisədə 9,3 % çoxdur.
Bildirilir ki, hesabat dövründə Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda 608,7 milyon manat dəyərində məhsul istehsal olunub və xidmətlər göstərilib. 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə bu sahədə 8,3 % artım müşahidə olunub.
Su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal edilmiş məhsulların həcmi 15,9 % artaraq 74,4 milyon manat təşkil edib.
İki ayda Azərbaycanda 4 milyard 872 milyon kVt/saat elektrik enerjisi istehsal edilib ki, bu da 2022-ci ilin yanvar-fevral aylarının göstəricisindən 5,7 % çoxdur. Bunun 4 milyard 732 milyon kVt/saatı əmtəəlik elektrik enerjisi olub ki, bu da illik müqayisədə 6 % çoxdur.
İstilik elektrik stansiyalarında 4 milyard 599,2 milyon kVt/saat (6,9 % artıb), su elektrik stansiyalarında isə 115,9 milyon kVt/saat (20,6 % azalıb) elektrik enerjisi istehsal edilib.
Hesabat dövründə Azərbaycanda 8,9 milyon kVt/saat küləklə işləyən stansiyaların enerji istehsalı olub ki, bu da 2022-ci ilin ilk iki ayının göstəricisi ilə müqayisədə 2,3 % azdır.