Azərbaycanda dənizdə müvafiq ərazidə külək potensialının ölçülməsi işlərinə başlanılıb.
“Report” xəbər verir ki, bu barədə Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi məlumat yayıb.
Məlumata görə, "2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda nəzərdə tutulan “Dənizdə külək enerjisi potensialının araşdırılması və potensialdan istifadə istiqamətində hazırlıq tədbirlərinin həyata keçirilməsi” fəaliyyət istiqamətinə uyğun olaraq müəyyən olunmuş ərazilərdə ölçmələrə başlanılması üzrə işlər yekunlaşmaq üzrədir.
Bu istiqamətdə ölçü-müşahidə işləri aparılması üçün Finlandiyanın “Vaisala” şirkəti ölkəyə 2 ədəd LiDAR (Light Detection and Ranging) qurğusu gətirərək müəyyən olunmuş ərazidə quraşdırıb. Qurğu lazer şüalarından istifadə edərək 10 km məsafəyədək tələb olunan nöqtələrdə küləyin sürətini və istiqamətini müəyyən etmək üçün istifadə olunur.
LiDAR qurğusu fərqli nöqtələrdə virtual ölçü-müşahidə dirəyi yaradaraq 75 m, 150 m və 225 m hündürlüklərdə küləyin sürətini ölçəcək.
Sözügedən şirkət “LiDAR qurğularının öyrənilməsi” üzrə nəzəri və praktiki təlim keçirib. Təlimdə LiDAR qurğusunun iş prinsipi, ərazidə müvəqqəti quraşdırılması, konfiqurasiyası, real-time datalarla data analizinin aparılması və s. məsələlər qeyd edilib.