Azərbaycanda bütün elektrik enerjisi müəssisələri məcburi pasportlaşmalıdır

Azərbaycanda bütün elektrik enerjisi müəssisələri məcburi pasportlaşmalıdır Bərpa olunan enerjidən istifadəni artırmaqla da qənaətə əməl etmək mümkündür
Energetika
29 İyun , 2021 17:55
Azərbaycanda bütün elektrik enerjisi müəssisələri məcburi pasportlaşmalıdır
Tahir Cəfərov

“Enerji resurslardan səmərəli istifadə üçün bir neçə amil var. Onlardan biri də həmin resurslardan qənaətlə istifadə edilməsidir. Çox təəssüf ki, parlament müzakirələrinə təqdim edilən “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” yeni qanun layihəsində bu məsələləri görmürəm”.

Bunu “Report”a açıqlamasında adıçəkilən qanun layihəsini şərh edən “Azalternativenerji” MMC-nin baş energetiki Tahir Cəfərov qeyd edib.

T.Cəfərovun sözlərinə görə, ölkə prezidentinin yürütdüyü siyasətdə də maddi resursların insan kapitalına çevrilməsi prioritet təşkil edir:

“Düşünürəm ki, məhz bu məqamlar yeni qanun layihəsində nəzərə alınmalı idi. Digər tərəfdən də onu qeyd edim ki, enerjidə qənaətin ən rahat yolu islahatların keçirilməsidir. Yəni energetika sistemində islahatlar keçirilməlidir, bazar münasibətləri yaranmalıdır, bazar özü rəqabət şəraitində enerjinin maya dəyərinin aşağı düşməsinə imkan verir. Çünki bizdə bütün məhsulların maya dəyərinin bazisində enerji resursları dayanır.

Praktika onu göstərir ki, bərpaolunan enerji potensialından istifadə neft-qaz ehtiyatları az olan ölkələrdə çoxdur. Ölkəmizin də kifayət qədər böyük alternativ enerji potensialı var. Enerjiyə qənaət etməyin meyarlarından biri də məhz budur. Bərpa olunan enerjidən istifadəni artırmaqla da qənaətə əməl etmək mümkündür.

Digər üçüncü məsələ isə yeni, az enerji tutumlu, innovativ və elm tutumlu texnologiyaların tətbiqi də əsas məsələlərdəndir. Bu sahədə də xarici ölkələr yaxşı işləyir. Bizim məişətdə istifadə etdiyimiz cihazların hamısı xarici ölkələrdən idxal olunur və həmin avadanlıqların enerji tutumu hər il azalır. Bu da ən böyük rezervdir. Hesab edirəm ki, qeyd edilən sənəddə bu da öz yerini tapmalıdır”.

Ekspert bildirir ki, 4-cü Sənaye İnqilabının tərkib hissəsi olaraq bərpa olunan enerji növünün birbaşa texnologiyaya tətbiqi də əsas prioritetlərdən biridir:

“Artıq bir sıra ölkələr həmin qurğularda bərpa olunan enerjinin avtonom şəkildə həmin qurğularda tətbiqi üzərində sınaqlar həyata keçirir. Nəqliyyat sistemində alternativ enerjidən istifadə uğurla tətbiq edilir. Bunun digər texnikalara da tətbiqi reallaşsa enerji qənaətində böyük irəliləyişə nail olmaq mümkündür.

Hazırda Azərbaycanda “Enerji resurslarından istifadə haqqında” qanun var. Bu qanun 1998-ci ildə qəbul olunub. Amma təəssüf ki, bu qanunun lazımi şəkildə işləməyini görməmişik. Hesab edirəm ki, çalışmalıyıq bu qanun daha işlək olsun. Bunun üçün isə bütün elektrik enerjisi müəssisələrinin məcburi qaydada pasportlaşması həyata keçirilməlidir. Bu gün yazılır ki, il ərzində 250 ton yanacağa qənaət edilir. Bu çox az göstəricidir. Tədricən bu rəqəmi artırmaq lazımdır”.

T.Cəfərov hesab edir ki, yeni qanunlar yaradılarkən mütləq mütəxəssislərin köməyindən istifadə edilməlidir:

“Beynəlxalq təcrübədə belədir ki, yeni qanun layihəsi yazılarkən mütləq hüquqşünaslarla mühəndislər yaxud energetiklər birgə çalışır. Mütəxəssislər bu qanunun təcrübəsini göstərir, hüquqşünaslar isə onun hüquqi formaya salır. Ölkəmiz də bu təcrübədən yararlansa müsbət irəliləyişə nail olmaq olar”.

Son xəbərlər

Orphus sistemi