Azərbaycana 11 ayda bəyan edilmiş qaz idxalının həcmi və dəyəri açıqlanıb

Energetika
  • 21 yanvar, 2025
  • 09:23
Azərbaycana 11 ayda bəyan edilmiş qaz idxalının həcmi və dəyəri açıqlanıb

2024-cü ilin yanvar-noyabr aylarında Azərbaycana bəyan edilmiş qaz idxalı 513 milyon 534,58 min kubmetr təşkil edib.

“Report” Dövlət Statistika Komitəsinin məlumatına istinadən xəbər verir ki, bu göstərici 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 4,3 dəfə azdır.

Bu müddət ərzində Azərbaycana idxal olunan qazın dəyəri 2023-cü ilin eyni dövrü ilə müqayisədə 4,2 dəfə azalaraq 81 milyon 995,63 min ABŞ dolları təşkil edib.

Hesabat dövründə qaz idxalının ümumi həcmində 55 milyon 783,01 min ABŞ dolları dəyərində 371 milyon 886,72 min kubmetr "mavi yanacaq" Türkmənistandan tədarük edilib. 2023-cü ilin analoji dövrü ilə müqayisədə tədarük həcmi miqdar ifadəsində 3,8 dəfə, dəyər ifadəsində isə 3,6 dəfə azalıb.

Ötən ilin yanvar-noyabr aylarında Rusiyadan 26 milyon 204,85 min ABŞ dolları dəyərində 141 milyon 647,86 min kubmetr qaz idxalı bəyan edilib. Bu, 2023-cü ilin eyni dövrü ilə müqayisədə miqdar ifadəsində 5,7 dəfə, dəyər ifadəsində isə 5,5 dəfə azdır.

Qeyd edək ki, 2023-cü ildə Azərbaycana bəyan edilmiş qaz idxalı 361 milyon 997,49 min ABŞ dolları dəyərində 2 milyard 332 milyon 254,05 min kubmetr təşkil edib.

Son xəbərlər

Bütün Xəbər Lenti