Azərbaycan və İsrail birgə enerji müəssisəsi yaradıb

Energetika
  • 16 aprel, 2025
  • 12:11
Azərbaycan və İsrail birgə enerji müəssisəsi yaradıb

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və İsrailin “Union Energy&Systems A Ltd” şirkəti “Union Energy&Systems Operations Malta Ltd” adlı birgə müəssisə yaradıb.

Bu barədə “Report” Maltanın Rəqabət və İstehlakçıların İşləri üzrə İdarəsinə (Malta Competition and Consumer Affairs Authority, MCCAA) istinadən xəbər verib.

"MCCAA Maltada birgə müəssisənin yaradılması barədə qərarı təsdiqləyib. Tənzimləyici bu qərarı 2025-ci il aprelin 3-də sadələşdirilmiş birləşmə proseduru çərçivəsində qəbul edib", - məlumatda bildirilib.

Qeyd olunub ki, SOCAR və “Union Energy & Systems A Ltd” müştərək müəssisədə birgə nəzarəti həyata keçirəcəklər.

Birgə müəssisə SOCAR-ın hasilat və nəqletmə sahəsindəki təcrübəsindən faydalanaraq təbii qazın işlənməsi və istifadəsinə diqqət yetirəcək.

Birgə müəssisənin yaradılması barədə bildiriş MCCAA-ya martın 11-də təqdim edilib. Sövdələşmə səhmlərə abunə yazılışı haqqında saziş vasitəsilə rəsmiləşdirilib.

"Rəqabət İdarəsi müvafiq araşdırmadan sonra belə nəticəyə gəlib ki, sövdələşmə sadələşdirilmiş prosedur şərtlərinə uyğundur və antiinhisar qanunvericiliyini pozmur. Beləliklə, tənzimləyici birgə müəssisənin yaradılmasına etiraz etmir və onu qanuni hesab edir", - məlumatda qeyd olunub.

“Union Energy & Systems A Ltd” Maltada qeydiyyatdan keçmiş və tamamilə iş adamı Axron Frenkelə məxsus olan özəl şirkətdir. Şirkət törəmə strukturları vasitəsilə təbii qaz sahəsində fəaliyyət göstərir.

SOCAR neft-qaz zəncirinin kəşfiyyat və hasilatdan emal və təchizata qədər bütün həlqələrində fəaliyyət göstərir. Şirkət Maltada mayeləşdirilmiş təbii qaz (LNG) sahəsində layihələrlə təmsil olunub.

Xəbər verildiyi kimi, SOCAR 2025-ci il yanvarın 31-də “Union Energy” şirkəti ilə Aralıq dənizində ən böyük ofşor qaz yataqlarından biri olan "Tamar" layihəsində 10 % iştirak payının alınması haqqında saziş imzalayıb.

Bundan başqa, 2025-ci il martın 17-də SOCAR və “Union Energy” şirkəti arasında İsrailin eksklüziv iqtisadi zonasında birgə kəşfiyyat işlərinin aparılması haqqında Anlaşma Memorandumu imzalanıb.

Son xəbərlər

Bütün Xəbər Lenti